Rəyasət Heyətinin iclasında AMEA-nın elmi tədqiqat institutlarında və respublikanın digər elm və ali təhsil müəssisələrində 2023-cü ildə yerinə yetirilmiş elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların hazırlanması haqqında müzakirələr aparılıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 2023-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair müzakirələr əvvəlcə müəssisənin şöbələrində və laboratoriyalarında aparılacaq və daha sonra elmi şuraların iclaslarında müzakirə olunacaq. Növbəti mərhələdə müzakirələrin AMEA-nın elmi bölmələrində aparılacağını bildirən akademik İsa Həbibbəyli hesabatların 2024-cü ilin yanvar ayında AMEA-nın Rəyasət Heyətinin iclaslarında yekunlaşdırılacağını söyləyib.
Hesabatların ölkə başçısının Fərman və sərəncamlarının, AR Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət proqramlarının icrası, AMEA-nın Ümumi yığıncağının 16 mart 2023-cü il tarixli qərarının icrası, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı görülən işlər, elektron xidmətlər üzrə göstəricilər (elmi müəssisənin veb-səhifələrinin vəziyyəti, elmi jurnalların elektron bazasının və Google Scholar və ya digər elmi bazalarda əməkdaşların profillərinin yaradılmasi, DOİ-lərdən istifadə və s.), elmin populyarlaşdırılması, təbliği və təşviqi istiqamətində görülmüş işlər, mühüm elmi nəticələr və təltiflər istiqamətində hazırlanacağını bildirib.
Akademik İsa Həbibbəyli hesabatların, həmçinin elektron formada - müvafiq sxemlər, qrafiklər, fotoşəkillər və digər illüstrasiyalarla müşayiət olunmaqla və nəzəri-praktiki əhəmiyyəti şərh edilməklə təqdim edilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyd edib ki, elektron xidmətlər şəbəkəsinin istifadəsi genişlənmədən fundamental elmi nəticələrin dünyaya çıxarılması mümkün deyildir.
Daha sonra bu istiqamətdə müvafiq qərar qəbul edilib.