Xalqımızın uzun illər həsrətində olduğu müstəqillik arzusunu Ulu Öndər Heydər Əliyev gerçəkləşdirmişdir. Bu gün hər birimiz müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımız, suveren dövlətdə yaşamağımıza görə Ulu Öndərə borcluyuq. Doğrudur, müstəqil Azərbaycan dövləti Çar Rusiyasının dağılması nəticəsində 105 il bundan əvvəl yaransa da, çox təəssüf ki, varisi olduğumuz Cümhuriyyət çətin tarixi sınaqlarla üzləşmiş və müstəqilliyini qoruya bilməmişdir. 70 il çəkən sovet dövrü xalqımız və dövlətçiliyimiz üçün çətin olsa da, çox şanslıyıq ki, bu dövr həm də Azərbaycan dövlətçiliyini məhv olmağa imkan verməyən dahi Heydər Əliyevi yetişdirmişdir. Ulu Öndərin uzun illər ərzində Azərbaycan SRR-yə rəhbərlik etməsi, azərbaycançılıq ruhunu və milli dövlətçilik ideyasını sönməyə qoymayan uzaqgörən siyasəti xalqımızın SSRİ dağıldıqdan sonra yenidən müstəqilliyini bərpa etmək gücünün təməlində dayanır.
Millətini, xalqını dərin məhəbbətlə sevən Ulu Öndər əslində hələ SSRİ dağılmamışdan əvvəl Azərbaycan xalqına qarşı olan ədalətsizliyə və faciəyə biganə qala bilməyərək 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsinin təşkilatçılarını cəsarətlə ifşa etmişdir. SSRİ-nin mövcud olduğu bir vaxtda Heydər Əliyevin həyatını təhlükəyə qoyaraq bu cəsarətli addımı atması Azərbaycanın sovet müstəmləkə rejimindən xilas olmasını və müstəqilliyə doğru atdığı addımın təməli idi.
Sonradan xalqın sevgisi və çağırışı ilə 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşdü. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Vətənə qayıtması ilə Ulu Öndərin xilaskarlıq missiyası da başlamış oldu. Ulu Öndərin xilaskarlıq missiyasının məhz Naxçıvandan başlaması təsadüfi deyildi. Həmin dövrdə bütün ölkə səviyyəsində özbaşınalıq və siyasi hərcmərclik hökm sürsə də, ən çətin siyasi-ictimai vəziyyət blokada şəraitində qalmış Naxçıvanda idi. 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Muxtar Respublikasının əhalisi yekdilliklə Ulu Öndəri Azərbaycan SSR-in və Naxçıvan MSSR-in deputatı seçmişdir. Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır.
Sessiyada təkcə Naxçıvan üçün deyil, ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik tarixi qərarlar qəbul olunmuşdu və Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti bütün Azərbaycana nümunə olmuşdur. Həmin sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, dövlətimizin müstəqillik rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının Аli Məclisi üçrəngli bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdır. Yalnız bundan sonra Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı haqqında qanun qəbul etmiş və üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilmişdi.
Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətdən sonra SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq Kommunist Partiyasından çıxmışdır. O, SSRİ Nazirlər Soveti partiya təşkilatına ərizəsində qeyd edirdi: “Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir... bütün bunlar “humanist ideologiyalı” Sovet dövləti üçün adi haldır”.
Vaxtilə Partiya sıralarında çox yüksək vəzifələr tumuş şəxs kimi Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etməsi güclü siyasi iradə və cəsarət tələb edirdi. Heydər Əliyev tərəfindən bu cəsarətli addımın atılması xalqda müstəqilliyə olan inamı daha da artırdı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Bu dövlətçiliyimizə qızıl hərflərlə yazılmış Ulu Öndər Heydər Əliyevin tarixi təşəbbüsü idi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet məhz həmin Bəyannaməyə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və xalqın təkidi ilə Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdi. Bununla da dahi siyasətçi ölkənin siyasi həyatında daha yaxından iştirak etməyə başladı. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi qəbul etdiyi ilk qərarlardan biri Naxçıvanda Dövlət Milli Müdafiə Komitəsinin yaradılması olmuşdur. Milli Müdafiə Komitəsinin yaradılması həm də Naxçıvanda olan sovet qoşunlarına məxsus hərbi texnika və silahların ölkəmizdə saxlanılmasını təmin etmişdir. Sonradan isə Dövlət Milli Müdafiə Komitəsinin bazasında hərbi briqada və dviziya yaradılmışdı. Bütün bunlar o dövrdə Ulu Öndərin həyata keçirdiyi ordu quruculuğu tədbirlərinin tərkib hissəsi idi.
Həmin vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. 1992-ci il noyabrın 21-də isə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi və bununla da xalqın Heydər Əliyevin ətrafında sıx birləşmə prosesi daha da sürətləndi və bu proses sonda Ulu Öndərin xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə nəticələndi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bununla da Heydər Əliyev-xalq birliyinin gücü digər bütün bölücü qüvvələrə qalıb gəldi. Həmin gün xalqımızın tarixində dönüş nöqtəsi oldu: Ulu Öndər Heydər Əliyevin siyasi institutların inkişafına verdiyi dəstək sayəsində müstəqil dövlətçilik ənənələrinin inkişafı prosesi başlandı və Naxçıvandan başlayan müstəqilliyin bərpası artıq bütün Azərbaycan səviyyəsində təmin olundu.
Ülvi Rufullayev,
Masallı rayonu, Binə Xocavar kəndi