Qaradağ rayonunda Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun doğum günündə xatirəsi anılıb

Qaradağ rayonunda Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun doğum günündə xatirəsi anılıb
  • Cəmiyyət

  • 25 avqust 2023-cü il tarixdə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri Səməndər İsmayılzadənin doğum günü qeyd edildi.

    44 gün  davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını  mənfur  düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. 

    Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səməndər İsmayılzadədir.  Səməndər Vahid oğlu İsmayılzadə 25 avqust 1990-cı ildə Yevlax şəhərində anadan olub. 1996-2007-сi illərdə  Yevlax şəhəri Səməd Vurğun adına 5 saylı orta məktəbdə təhsil almışdır. Sonradan  diş texniki, mühafizəçi,  anbardar vəzifələrində işləyib.

    Səməndər hərbçi ailəsində doğulduğu üçün hərbi xidmətə həvəs etmiş,  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində ZTR-82 A komandiri kursunu  bitirmişdir. O, Vətən  müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 9-da Füzuli rayon Alxanlı kəndinin azad  olunması uğrunda gedən döyüşlərdə həlak olub. Azərbaycan Prezidenti İlham  Əliyevin sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

    Şəhidin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, digər idarə və müəssisə rəhbərləri və ailəsi ilə birlikdə şəhidin məzarı ziyarət olunmuş və məzarı üzərinə gül dəstələri qoyulmuşdur.     

    Qaradağ rayon İcra Hakimiyyətinin başçısı  şəhid ailəsinə baş sağlığı vermiş və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirmişdir.

    Bundan əlavə ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğunu və bunun davamlı olacağını ziyarət iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra şəhidin doğum günü ilə əlaqədar təşkil olunmuş tədbir keçirilmişdir. Bundan əlavə, şəhid adına əbədiləşdirilmiş küçədə lövhələr və  barelyef  lövhəsi quraşdırılmışdır. 

    Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə, eləcə də şəhid adının daim uca tutulması üçün görülmüş işlər ilə əlaqədar Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.


    Allah rəhmət eləsin!


    PAYLAŞ:

    Oxşar xəbərlər