Masallı rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Gözəl insan, dəyərli ziyalı - ağsaqqal, rayonun təsərrüfat, iqtisadi – siyasi həyatında böyük əməyi olan Ağaməmməd İsa oğlu Nuriyev ömrünün 88-ci ilində dünyasını dəyişmişdir.
Leqal.az xəbər verir ki, Ağaməmməd İsa oğlu Nuriyev 10 mart 1935-ci ildə Masallı rayonunun Muşaküçə kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1943-cü ildə Musaküçə yeddillik məktəbinin birinci sinfinə daxil olmuşdur. 1950-ci ildə həmin məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Masallı şəhər 1 nömrəli orta məktəbin 8-ci sinfinə daxil olmuş və 1953-cü ildə həmin məktəbi bitirmişdir. Atası Məşhədi İsa Nuriyev 1943-cü ildə cəbhəyə gedib və sonra qayıtmamışdır. A.Nuriyev həmin il Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat şöbəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə ilk dəfə doğma kəndindəki məktəbdə başlamış 1 noyabr 1954-cü ildən 30 may 1959-cu ilədək 7 illik məktəbdə ilk komsomol təşkilatının katibi, sonra pioner baş dəstə rəhbəri vəzifələrində çalışmış, müəllim ilk komsomol təşkilatı katibi seçilmişdir.
1958-ci ildə qiyabi yolla Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun kənd təsərrüfatının iqtisadiyyatı şöbəsinə daxil olmuşdur. Həmin institut ləğv edildiyindən sənədlərini Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı İnstitutuna (indiki Kənd Təsərrüfatı Akademiyası) vermiş və 1963-cü ildə həmin institututun iqtisadiyyat fakültəsini bitirmişdir.
1 iyun 1959-cu ildən 1964-cü ilin oktyabrın 1-dək Çapayev adına kolxozda baş mühasib müavini və öz ixtisası üzrə iqtisadçı vəzifələrində işləməklə, kolxoz ilk komsomol təşkilatının katibi, 1964-cü il oktyabrın 1-də kolxoz sovxoza keçdikdən sonra Sov.İKP üzvü Ağaməmməd Nuriyev 1965-ci il noyabrın 1-dək Çapayev adına sovxozda baş iqtisadçı vəzifəsində işləməklə bərabər ictimai əsaslarla sovxoz partiya təşkilatının katibi vəzifəsinə seçilmişdir.
1 noyabr 1965-ci ildən Masallı Rayon Partiya Komitəsinin təlimatçısı, 1 avqust 1966-cı ildən rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin plan komissiyasının sədri, 11 sentyabr 1967-ci ildən Masallı rayon İstehsalat İdarəsinin plan-maliyyə və əmək haqqı şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
1967-ci ildə Azərbaycan KP MK yanında Marksizm - Leninizm Universitetini bitirmişdir.
23 may 1975-ci ildə Masallı Rayon Partiya Komitəsinin büro qərarı ilə Çapayev adına toxumçuluq sovxozuna direktor göndərilmişdir. Həmin vəzifədə 2 ilə yaxın işləyərək plan və tapşırıqları yerinə yetirmiş, təsərrüfatı qabaqcıl sovxozlar sırasına şıxarmışdır. Nümunəvi işinə görə A. Nuriyev Masallı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə irəli çəkilmiş, 7 il kənd təsərrüfatı üzrə raykom katibi vəzifəsində çalışmışdır.
16 dekabr 1983-cü ildən Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri işləmişdir.
28 noyabr 1985-ci ildə yenidən Çapayev adına sovxoza direktor vəzifəsinə təyin edilmiş, 8 il işlədikdən sonar, 23 may 1983-cü ildən 28 dekabr 1996-cı ilə kimi Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində direktor müavini, pensiya və müavinət üzrə şöbə müdiri işləmişdir.
Ağaməmməd Nuriyev 1962-ci ildən Sovet hökuməti ləğv olunanadək Sov. IKP üzvü, 1965-ci ildən bütün çağırışlarda rayon sovetinin deputatı olmuşdur.
O, işlədiyi bütün vəzifələrdə işin məsuliyyətini dərindən dərk edərək şərəflə çalışmış, dövlət plan - tapşırıqlarını artıqlaması ilə yerinə yetirməklə yanaşı xeyli tikinti quruculuq işləri də görmüşdür.
Sovxoz işçilərinin güzəranı yaxşılaşaraq hər il mükafatlar almış və sovxoz dəfələrlə respublika Keçici Qırmızı Bayrağına layiq görülmüşdür.
İqtisadçı kadrların hazırlanmasında A. Nuriyevin böyük rolu olmuşdur.
1980-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur.
Ağaməmməd müəllim gözəl ailə başçısı idi.
Bütün ömrünü Vətənin, rayonun çiçəklənməsinə, övladlarının təhsilinə sərf edən Ağaməmməd Nuriyevin əziz xatirəsi onu tanıyanların qəlbində silinməyəcək.
Allah rəhmət eləsin!