Azərbaycan İlahiyyatçılarının Lənkəran şəhərində keçirilən forumu hesab edirəm ki, çox faydalı oldu. Əvvəla bu cür nəcib və vacib təşəbbüsdə bulunaraq forumu reallaşdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu da daxil olmaqla bütün əməyi keçən şəxslərə təşəkkür edirəm.
Forumda DQDK - nin sədr müavini hörmətli Gunduz Ismayilov, dinşünas alimlər, İlahiyyat İnstitutunun rektoru hörmətli Agil Shirinov, rəhbərlik etdiyi institutun müəllimləri, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru hörmətli Mehman Ismayılov, din xadimləri, ekspertlər iştirak edirdi. Mehman İsmayılov və Aqil Şirinovun moderatorluğu ilə keçirilən iki günlük səmərəli forumda hər iki ziyalımızın və Gündüz İsmayılovun geniş, əhatəli nitqləri xüsusən maarifləndiricilik yönündən çox faydalı oldu.
Milli mənəvi dəyərlərimizin qorunması, müsəlmanların vəhdəti, qarşılıqlı fikir mübadiləsi, problemlərin araşdırılması və həlli yolları, tolerantlığımızın daha da inkişafı mövzuları barədə qiymətli fikirlər səsləndirilən iki günlük forumda din xadimləri də çıxışlar edərək öz təkliflərini, arzularını ifadə etdilər.
"Azərbaycanda dini məsələlərin tənzimlənməsində ilahiyyatçıların yerı və rolu" mövzusunda daha geniş müzakirələr oldu və söylənilən önəmli fikirlər, təkliflər hesab edirəm ki, ölkəmizdəki dini durumun daha da inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Bu cür toplantıların keçirilməsini, bu cür müzakirələrin olmasını illər öncədən arzu etmişik, təklif etmişik və faydalı olacağını vurğulamışıq. Bu gün şükür Allaha ki, məsul şəxslər, aidiyyatı qurumlar bu məsələnin önəmini dəyərləndirib və zamanını təsbit edərək reallaşdırdılar, arzularımızı gerçəkləşdirdilər.
Ənənəvi məzhəblərin nümayəndələrinin, mənsublarının, ilahiyyatçıların əyani şəkildə, mütəmadi olaraq bir araya gəlməsi, birgə müzakirələr etməsi, birgə ibadət etməsi həm Allahın müqəddəs kitabda bizə əmrinin icrasıdır, həm də dövlətimizin, qanunlarımızın təsbit etdiyi vətəndaşlıq prinsiplərinin inkişafına xidmətdir. Din adamları da vətəndaş həmrəyliyinə, öz dövlətinin dəyərlərinə töhfə verməyə borcludurlar. İlahiyyatçı alimlərin, nüfuzlu din xadimlərinin bir araya gələrək xalqımıza xidmətdə, ənənəvi dini dəyərləri təbliğ etməkdə hansı nöqtələrin daha faydalı, hansılarında da qüsurlu olduğunu araşdırması, icələməsi arzuediləndir, bir o qədər də vacibdir.
Ümumilikdə forum çox müsbət əhval - ruhiyyədə keçdi. Dinimiz necə ki, vəhdəti, məhəbbəti, söhbəti buyurur, eynən o qaydada din mənsublarımız bir araya gəldi, tanış olmayanlar bir - birini tanıdı, dost oldu, əvvəllər bir yerdə çalışıb uzun illər iş - əmək fəaliyyəti ilə əlaqədər buluşmağa fürsət tapmayan həmkarlar yenidən görüşdük, dərdləşdik, ata-babalarımız demişkən "duz - çörək kəsdik, düz - çörək kəsdik".
İmam Cəfər Sadiq həzrətləri "Din yalnız məhəbbətdir" buyurur. Ümid edirəm ki, biz bu forumda həmin məhəbbəti yaşadıq, yaşatdıq, təbliğ etdik, bir daha canlandırdıq!
Tural İrfan
İlahiyyatçı-ekspert