Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbə Azərbaycan vətəndaşlarına, xaricdə yaşayan soydaşlarımıza, eləcə də qardaş Türkiyənin vətəndaşlarına böyük sevinc hissi yaşadır. Onlar dövlətimizin başçısına ünvanladıqları məktublarda bu hisslərə görə minnətdarlıqlarını bildirirlər.
LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.
Türkiyənin Aydın şəhərindən Mövlud Çelik yazır: “Hörmətli cənab Prezident, mən Türkiyədə yaşayıram. Hər bir ölkə, hətta dünyanın bütün dövlətləri bilir ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaqdır. Hazırda təqaüddəyəm, bəzən hisslərimi şeirlə ifadə edirəm. 1974-cü ildə Türkiyə Kipri müdafiə edəndə “Kıbrıs” adlı bir şeir yazdım və onu o vaxtkı Prezident Rauf Denktaşa, Baş nazir Derviş Eroğluna təqdim etdim. Hər bir insanda, xüsusən Azərbaycan və Türkiyə vətəndaşlarının ürəyində dərin yara açan Xocalı qırğınının ağrı və acısı sağalmamış 2020-ci il sentyabrın 27-də Ermənistan yenidən Azərbaycan torpaqlarına hücum etdi. Xalqlarımız yenidən üzüldü, lakin Azərbaycan öz haqqını döyüşlə, zəfərlə qazandı. Şəhidləinizə görə Sizə və Azərbaycan xalqına başsağlığı verir, yaralılara şəfa diləyirəm. Azərbaycan Ordusunun daim müzəffər olması üçün dua edirəm”.
Ağcabədi rayonundan Mehdi Əhmədov: “Möhtərəm cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Sizin necə bir sərkərdə, necə bir siyasətçi olduğunuza bütün dünya şahid oldu. Düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə qoydunuz. Vətən uğrunda canından keçən şəhidlərimizin qanını yerdə qoymadınız. Allah Sizdən və qəhrəman əsgərlərimizdən razı olsun!
Allah Sizi və Azərbaycan xalqını qorusun!”.
İsmayıllı sakini Hüseynağa Kamilzadə: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərə görə özümün, ailə üzvlərimin adından və İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ağsaqqalları adından böyük ehtiramımızı və təşəkkürümüzü bildiririk. Noyabrın 8-də Şuşanın alınmasına, 10-da isə qəbul olunmuş bəyanata görə çox sağ olun. Siz uzun illərdən qalmış problemləri həll etməyi bacardınız və Qarabağı Azərbaycana qaytardınız. Allah Sizə yar olsun!”.
Zaqatala sakini Tamara Nurəliyeva: “Hörmətli cənab Prezident, Sizin yaratdığınız peşəkar Milli Ordumuz 28 il işğal altında qalan Qarabağı rəhbərliyinizlə azad etdi. Tam Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, cənab Prezident. Allah Sizi qorusun! Biz Sizinlə fəxr edirik, cənab Prezident. Sizin qətiyyətiniz sayəsində düşmənə qalib gəldik. Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqına Qələbə sevinci yaşatdınız. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Xocavənd sakini Gözəl Xəlilova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, son günlərdə Sizin komandanlığınızla Qarabağ torpaqlarının rəşadətli Ordumuz tərəfindən işğaldan azad olunması və Qələbə qazanmağımız münasibətilə Sizi təbrik edirəm. Uca Yaradan bizi dünyada qalib xalq kimi tanıdan Ali Baş Komandanı və igid Ordumuzu qorusun!”.
Naftalan şəhərindən Kamran Muradovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Şuşanın azad olunması xəbərini eşitdikdə hər birimiz sevinc içində küçələrə axışdıq. Bu, bayram sevinci idi. 9 noyabr tarixində Bayraq Gününü qeyd edərkən Sizdən o qədər gözəl xəbərlər gəldi ki, ürəyimiz ikiqat sevinclə doldu. 10 noyabrın ilk saatlarından Sizin xalqa müraciətiniz isə bizə ən böyük hədiyyəni bəxş etdi. Mən Sizə heyranam, əziz Prezidentim. Ordumuzun qəhrəmanlığı, sadəcə, Azərbaycan tarixinə deyil, dünya tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək. Mən onu bilirəm ki, mənfur düşmən artıq heç zaman torpaqlarımıza əl uzada bilməyəcək. Allah Şəhidlərimizə rəhmət eləsin. Artıq onların ruhu şaddır. Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, təşəkkürlər, rəşadətli Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Mingəçevir şəhərindən Ceyhunə Şəfiyeva: “Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan, Sizin ərazi bütövlüyümüzün bərpası uğrunda apardığınız mübarizəni rəhbəri olduğum məktəbin pedaqoji kollektivi dəstəkləyir və alqışlayır. Qələbə sevincini bizlərə yaşatdığınız üçün Sizə təşəkkür edirik. Eşq olsun Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”.