AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli uzun illər Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) çalışan həmvətənimiz Bəxtiyar Siracovla görüşüb.
Rəyasət Heyətində keçirilən görüşdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyada aparılan elmi-tədqiqat istiqamətləri barədə söz açıb. Bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın məramı haqqında danışan akademik İsa Həbibbəyli qeyd edib ki,tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsidir.
AMEA rəhbəri vaxtilə Nobel Sülh Mükafatına layiq görülmüşBeynəlxalq Atom Enerjisi Agentliyindəçalışanların arasında bu beynəlxalq təşkilata həmin mükafatı qazandıranların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olmasının qürurverici fakt olduğunubildirib.
Sonra MAQATE-nin əməkdaşı Bəxtiyar Siracov çalışdığı beynəlxalq qurumun fəaliyyət istiqamətləri barədə danışıb, həmçinin apardığı elmi-tədqiqat işlərinə dair məlumat verib.
Sonda AMEA prezidenti, akademik İsa Həbibbəyli MAQATE-də çalışan həmvətənimiz Bəxtiyar Siracovu Akademiyada keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransda iştiraka dəvət edib.
Həmvətənimiz Bəxtiyar Siracov Nobel mükafatına həsr olunan konfransın əhəmiyyətini vurğulayaraq, dəvətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev də iştirak edib.
Müəllif: Leqal.az