Quranın yandırılması İslam aləmi üçün təhqirdir

Quranın yandırılması İslam aləmi üçün təhqirdir
  • Cəmiyyət

  • İsveçin Stokholm şəhərindən sonra Danimarkanın Kopenhagen şəhərində də müqəddəs Qurani - Şərifi yandırıblar.

    Qərb ölkələrinin ideoloqları xaç yürüşlərini açıq fazaya keçirmək üçün belə təxribatlarla müsəlmanları qıcıqlandırırlar.

    Belə ki, müsəlmanlar da hansısa qarşılıq versin və problem dərinləşsin.

    Məsələnin mahiyyəti əsasən Türkiyənin sürətlə güclənməsinin qorxusudur. İslamı və müsəlmanları dünyada müdafiə edən də öncə Türkiyədir.
    Əslində Quran yandırma ideyasının həmin ölkələrin müstəqil qərarı və razılığı olduğunu düşünmürəm. Bu, Fransa kimi dövlətlərin cızdığı plana daha çox oxşayır. Bir çox xristian ölkələrinin müsəlman ölkələrlə ciddi əlaqələrinin, müttəfiqliklərinin, əsasən Türkiyənin ABŞ və başqa Qərb ölkələri ilə mülayim siyasəti səlibçilik məfkurəsini əxz etmiş güclərdə böyük səbirsizlik yaradıb.

    Hər bir halda bu hadisə pislənməlidir. İsveç və Danimarka kimi dövlətlərin belə bir mənfur əmələ rəvac verməsi İslam aləminə təmtəraqla təqdim edilən "demokratiya", tolerantlıq, dözümlülük kimi məfhumların ehtiva etdiyi mahiyyətə ziddir.

    Müqəddəs kitablara hörmət özünü demokratiya beşiyi adlandıran ölkələrdə daha çox olmalıdır. Ancaq təəssüf ki, bu ölkələrdə son dövrlərdə daha qəddar, daha antidemokratik hərəkətləri müşahidə edirik. Hətta Quran yandırmağa icazəni qanuna salan ölkələr var. Bu hərəkətə haqq qazandırmaqla həmin ölkələr başqalarını da bu çirkin işə təşviq edirlər. Türkiyə kimi inkişaf edən ölkələrə qarşı daxili nifrətlərini belə təxribatlarla büruzə verənlər tarixin zibilliyində qalacaqlar. Cordano Brunonu tonqalda yandıranlar, Qalileyə diz çökdürənlər, Əlcəzairdə, Afrika ölkələrində soyqırımı aktları həyata keçirənlər səlibçilik məfkurəsini hələ də yaşadırlar təəssüf ki. Fəqət müsəlmanlar, İslam ölkələri də sadəlövh olmamalı, Qərbin demokratiya pərdəsi altında, tolerantlıq, azadlıq, multikulturalizm, Avropa dəyərləri şüarları ilə əslində hiyləgərlik etdiyini anlamalıdırlar. Müsəlman ölkələrinə əxlaqsızlıq, dəyərsizlik aşılayaraq zəngin Şərq mədəniyyətini cılızlaşdırmaq, bayağılıq, dayazlıq gətirmək niyyətini gizlədə bilməyən Qərbin səbri çatmadı. Açıq fazaya keçid edərək müsəlman aləminə sataşmaq, nəbzləri yoxlamaq, təzyiqləri ölçmək qərarına gəldi.

    Təpkilərə diqqət edərək növbəti, daha çirkin addımı atacaqları şübhəsizdir. Buna hazır olmaq lazımdır.

    İslam Konfransı Təşkilatı üzvü dövlətləri bu məsələ ilə toplanmalıdır. Müsəlman dövlətlərinin və xalqlarının heysiyyətinə, həssas nöqtəsinə toxunan bu addım İslam aləmini təhqir etməkdir.

    Quranın yandırıldığı və bu addımın dövlət tərəfindən razılıqla qarşılandığı ölkələrlə müsəlman ölkələri əlaqələrinə təzədən baxmalıdır. Təzyiqlər edilməli, səfirlərə xəbərdarlıq edilib nota təqdim edilməlidir. Müsəlman ölkə rəhbərlərinin prezident seçilib and içərkən əlini basaraq and içdiyi, iki milyarda yaxın dünya insanının öpüb gözünün üstə qoyduğu, digər səmavi dinlərin mənsubu olan 2 milyarda yaxın da qeyri müsəlmanın ehtiram etdiyi müqəddəs kitaba qarşı bu vandalizm aktı əslində çox boyük bir nifrətin, böyük bir kinin, yeni soyqırımı arzusunun qığılcımlarıdır. Qurani Kərimi yandırmaq insanlığa qarşı cinayətdir.

    Mədəni, demokratik dəyərlərə önəm verən ölkələrdə gərək bu kimi iyrənc olaylar olmasın. Diplomatiya, siyasət yolu ilə müsəlman ölkələrinə olan nifrəti, qəzəbi ifadə edə bilərlər. Ancaq vandalizm yolu ilə kitabı yandıra bilməzlər. Çünki bu əməl müsəlmanlara qarşı, hətta öz ölkəsində yaşayan müsəlmanlara qarşı amansız mövqedə olan Çin kimi demokratiyadan uzaq ölkələrdə belə baş vermir. Fətəq Avropanın özəyində Quranın dəfələrlə yandırılması, əvvəllər Peyğəmbərin karikaturasının çəkilməsi yalnız səlib yürüşlərini müasir formada diqqətə gətirmək cəhdləridir. Roma papasının bu məsələyə kəskin münasibət bildirməməsi də yaxşı hal deyil. Xristian əsilli bir ölkədə müsəlmanların müqəddəs kitabının təhqir olunmasına…

    Tural İrfan
    İlahiyyatçı
    PAYLAŞ:

    Oxşar xəbərlər