Ulu Öndər Heydər Əliyevin Prezident səlahiyyətlərinin icra etməsi tarixi zərurət idi

Ulu Öndər Heydər Əliyevin Prezident səlahiyyətlərinin icra etməsi tarixi zərurət idi
  • Cəmiyyət

  • Hər bir Azərbaycan vətəndaşı 1990-1993-cü illərdə respublikamızın həyatında baş verənləri –  hakimiyyətsizlik, anarxiya, qarşıdurma illərini yaxşı xatırlayır, o günlər barədə oxuyur, öyrənir və əlbəttə ki, təəssüflənir. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət hərisliyi torpaqlarımızın işğalına, dövlətin talanmasına zəmin yaradır, insanların əxlaqına, mənəviyyatına ağır zərbə vururdu. 

    Hakimiyyətdə olanların heç biri respublikanın gələcəyi, insanların taleyi barədə düşünmürdü. Xalq tərəddüdlər, çaxnaşmalar içərisində boğulurdu. Torpaqlarımızın günbəgün işğala məruz qaldığı, ölkəni iqtisadi-siyasi böhran bürüdüyü o günlərdə respublika vətəndaşlarının Ulu Öndər Heydər Əliyevə arxalanması, onu xilaskar kimi qəbul etmələri əsassız deyildi. Çünki Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə, istər Moskvada yüksək vəzifə daşıdığı günlərdə hər an, hər saat respublika sakinləri ilə bir olmuş, doğma vətəninin yüksəlişi, xalqının xoşbəxtliyi naminə bütün çətinliklərə qatlaşmış, Azərbaycanı tanıtmış, şöhrətləndirmişdi. Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidi ilə yenidən hakimiyyətə gətirilməsi məhz onun xalq, vətən qarşısındakı böyük xidmətlərindən, müdrikliyindən, qətiyyətindən, təşkilatçılığından, insanlara sevgi və məhəbbətindən qaynaqlanırdı. İnsanlar yaxşı bilirdilər ki, respublikanı düşdüyü ağır vəziyyətdən, iqtisadi və siyasi böhrandan, qarşıdurmalardan, vətəndaş müharibəsindən yalnız Heydər Əliyev kimi torpağına, xalqına bağlı, uzaqgörən bir rəhbər xilas edə bilər. Heydər Əliyevin Prezident səlahiyyətlərini Ali Sovetin sədri kimi öz üzərinə götürməsi tarixi zərurət, həm də qanunauyğun idi. Ulu Öndər Heydər Əliyev bu vəzifələri o vaxt çox məharətlə həyata keçirdi, hər anın dəyərini verdi və üzərinə ağır bir öhdəlik götürdü. 24 iyun 1993-cü ildə Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əlaqədar Ulu Öndər deyirdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.

    Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi, özüm üçün əsas vəzifələrdən biri hesab edirəm”.

    Ümumilli Liderin dediyi və qarşıya qoyduğu bütün vəzifələrə həyatı bahasına, gərgin zəhməti, zehni düşüncəsi, bacarığı sayəsində əməl etdi. Azərbaycanın müstəqilliyini qoruyub saxladı.

    Vətəndaş müharibəsinin, parçalanma təhlükəsinin qarşısını aldı. Ölkədə ictimai-siyasi sabitlik yaratdı. Gələcəyimizə uğurlu yol açdı. Bu günlərimiz, nailiyyətlərimiz məhz Heydər Əliyevin bünövrəsini qoyduğu o günlərin üzərində inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xalqımız o günləri unutmamaqla, Heydər Əliyev ideyalarına sadiq olduqlarını bugünkü möhtəşəm quruculuq işləri ilə nümayiş etdirir, Qarabağ zəfərlərindən, tarixi qələbəimizdən qürur duyduqlarını və Ulu Öndərimzin  adını, əməllərini əbədi olaraq yaşatdıqlarını, ucaltdıqlarını əməlləri, hünərləri ilə sübuta yetirirlər. 



    Şıxəliyeva Aidə,
    Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta
    məktəb


    PAYLAŞ:

    Oxşar xəbərlər