Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur.
Azərbaycan ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanıb. Müstəqilliyin dayaq sütunlarını, milli-ideoloji əsaslarını, suveren dövlətçilik institutlarını yaratmaq və onu həyata keçirmək güclü dövlət siyasətinin və eyni zamanda, milli liderin olmasını tələb edib. Məhz dövlət müstəqilliyini qoruyub saxlamaq, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, ölkənin ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq və digər ümummilli məqsədlər Azərbaycan xalqının təkidli tələbindən sonra 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin və qətiyyətli əməyi sayəsində mümkün olmuşdur.
Ulu Öndərin atdığı qətiyyətli addım sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin neft-qaz sənayesinin dirçəlməsinə və Azərbaycanın gələcək rifahının başlanğıcı olmaqla respublikanın enerji sektorunun inkişafı iqtisadiyyatın qeyri-neft sahəsinin fəal artımına gətirib çıxarmışdır. Həm də bu sazişin böyük iqtisadi faydası ilə yanaşı, daha bir əhəmiyyəti var idi: Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar. “Əsrin müqaviləsi” bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və bir qədər sonra dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yarandı. Bununla da Azərbayacan öz qapılarını xarici sərmayələr üçün taybatay açdı. Müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının digər sahələrinə də xarici sərmayələr qoyuluşunda həlledici rol oynadı. Bununla da iqtisadiyyatımızın inkişafında ilk addımlar atılmağa başlandı.
“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlanıldı. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tankeri dünya bazarlarına çıxarıldı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. BTC dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin yenidən qurulmasına təkan verdi, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə səbəb oldu.
Bazar iqtisadiyyatının əsas tələblərindən biri də, ilk növbədə, torpaq islahatlarının həyata keçirilməsi ilə bağlıdır. Torpaq sahibi olmadan mülkiyyətçinin azad və sərbəst istehsal fəaliyyəti ilə məşğul olması qeyri-mümkündür. Buna görə də, Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi və torpaqların vətəndaşların istifadəsinə verilməsi üçün bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalaması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi.
Cəsarətlə demək olar ki, 1993-2003-cü illərdə Heydər Əliyev prezident olduğu on il ərzində aşagıda qeyd olunan strategiyanı müəyyən etmiş və gərgin əməyi sahəsində buna nail olmuşdur.
- 1994-cü ildən etibarən Qarabağ cəbhəsində atəşkəs rejiminə nail olmaqla iqtisadi inkişafın əsas prioritetlərinin formalaşdırılması;
- ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsiplərin və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və iş qabiliyyətli dövlət idarəçilik təsisatlarının formalaşdırılması;
- cəmiyyətdə yeni davranış norma və stereotiplərinin yaradılması, yeni - açıq və demokratik vətəndaşlığın formalaşdırılması;
- müstəqil dövlətin neft strategiyasının yaradılması, bu strategiyanın əsası olan “Əsrin müqaviləsi” sazişinin imzalanması, ölkənin əsas regional energetik aktora transformasiyasının başlanması;
- “Böyük İpək Yolu” layihəsində fəal iştirak etməklə Azərbaycanın regional logistik mərkəz kimi rolunun dəyişməsi;
- həyat qabiliyyətli tarazlı xarici siyasət modelinin formalaşdırılması;
- müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.
1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Beləliklə də, ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirmiş, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrilmişdir. Heydər Əliyevin prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyulmuş, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edilmiş, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün şərait yaradılmışdır. Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev dahi Liderin həyata keçirdiyi uğurlu siyasəti müvəffəqiyyətlə davam edir. 44 günlük Vətən müharibəsi buna bariz sübutdur. Cənab Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycan vəıtəndaşlarının xeyrinədir.
Əlövsət Muradov,
YAP Masallı Rayon Təşkilatı Gullutəpə ərazi partiya təşkilatının sədri