Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat

Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat
  • Cəmiyyət

  • Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.
               
    Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilmiş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Ulu öndərimiz fəaliyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də keçmiş ittifaqda rəhbər vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutmuşdur. O, dəfələrlə xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə əleyhdarlarını yerində oturtmuşdur.
             
    Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə dünya iqtisadi sektorunda ən sabit və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ötən illərdə əldə etdiyi nailiyyətlərə, sıçrayışlı inkişafa, yüksək sosial tərəqqi erasına məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olunmuşdur. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks  islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına  və  sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.
               
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
               
    Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün hədəflərin gerçəkləşməsinə, müstəqil Azərbaycanın gələcək tərəqqisinə, daha qüdrətli dövlətə çevrilməsinə, xalqımızın daha firavan həyatına qovuşmasına mütləq əminlik yaradır.



    Babayeva Elanora,
    Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəb
    PAYLAŞ:

    Oxşar xəbərlər