Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qərbi Azərbaycan Ensiklopediyası" hazırlanacaq.
Leqal.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub və ensiklopediyanın hazırlanmasını təmin etmək məqsədilə müvafiq İşçi qrupu yaradılıb.
AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətindəki tədbirlər təşkil edir.
Onun sözlərinə görə, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-da Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.