Azərbaycan Sənətkarlarının Heydər Əliyevi

Azərbaycan Sənətkarlarının Heydər Əliyevi
  • Cəmiyyət

  • Azərbaycana rəhbərlik etmiş bu şəxsiyyət Azərbaycanı o qədər sevirdi ki onun hər bir zərrəsinə qiymət verirdi. Heydər Əliyev, bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını bir sözlə bütün Azərbaycanı dirçəlti və yenidən ayağa qaldırdı. Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyev deyirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır, əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.  

    Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edən Heydər Əliyev bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Ədəbiyyata və ədəbiyyat xadimlərinə, incəsənətə və incəsənət xadimlərinə, o cümlədən Azərbaycan bəstəkarlarından Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Rəşid Behbudova, rəssamlarımızdan Tahir Salahova, Mikayıl Abdullayevə, Ömər Eldarova, Lətif Kərimova, şair və ədiblərimizdən Süleyman Rüstəmə, Rəsul Rzaya, İlyas Əfəndiyevə, Mirzə İbrahimova, Süleyman Rəhimova və başqa möhtərəm sənətkarlara qayğı göstərməyi özünə borc bilirdi. Bəxtiyar Vahabzadə və Xəlil Rza kimi vətənpərvər şairlərimizin Moskva təhlükəsizlik orqanları tərəfindən təqiblərinin qarşısının alınmasında da Heydər Əliyev bilavasitə rol oynayırdı. Heydər Əliyev siyasətdə olduğu kimi mədəniyyət və incəsənətində bütün sahələrinə dərindən bələd olan nadir bir şəxsiyyət idi.

    Azərbaycan xalqının yaradıcı şair filosoflarından Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud”un 1300 illik, Nizaminin 840 illik, Nəsiminin 600 illik, M.F.Axundzadənin 170 illik, Hüseyn Cavidin 120 illik yubileyləri Ulu Öndərimizin təşəbbüsü sayəsində həyata keçirilmişdir. Repressiya qurbanı Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilməsi də Ulu Öndərimizin adı ilə bağlıdır və bu hadisə xalqımızın tarixinə əbədi həkk olunmuşdur. 1979-cu ildə Ulu Öndərimiz sovet nümayəndə heyətinin başçısı kimi Suriyada olarkən səfər proqramı xaricində Nəsiminin məzarının yerləşdiyi Hələb şəhərini ziyarət etmək istədiyini bildirmişdi və onun bu arzusu dərhal yerinə yetirilmişdi. Heydər Əliyevin təşəbbüsü sayəsində Nəsiminin 600 illik yubileyi Yunesko-nun tədbirləri siyahısına daxil edildi. Heydər Əliyev deyirdi: “Biz Şuşada Vaqifin qəbri üzərində gözəl bir məqbərə yaratdıq... Biz o vaxt gedib onun açılışını böyük bir təntənə ilə keçirdik, orada respublika ictimaiyyətinin nümayəndələri-ədəbiyyat, incəsənət xadimləri iştirak edirdilər. Təəssüf ki, indi Şuşa işğal altındadır. Mən əminəm ki, Şuşa işğaldan azad olunacaq və Vaqifin məqbərəsi də öz xalqımıza qayıdacaq”. Onun bu sözləri öz həqiqətini tapdı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə rəhbəri cənab İlham Əliyevin döyüş əmri ilə 2020-ci ildə işğaldan azad edilən torpaqlarımızda mədəniyyətin dirçəlməsi prosesi Vaqifin məqbərəsinin yenidən bərpası ilə təkrar başlandı.  

    Heydər Əliyev həmişə Azərbaycan şair və ədiblərinin qayğısına qalmışdır. Xəstələnəndə onlara baş çəkmişdir. ADMİU-nun keçmiş rektoru, professor Timuçin Əfəndiyev “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı fundamental əsərində öz şəxsi müşahidələrinə əsaslanaraq Ümummilli Liderimizin böyük sənətkarımız İlyas Əfəndiyevə necə həssaslıqla yanaşmasını belə ifadə etmişdir: “Mən Ulu Öndərimizin İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətin şahidi kimi onu deyə bilərəm ki, Heydər Əliyevin qayğısı sayəsində insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona baş çəkməsi, qayğı göstərməsi bu günə qədər bizim xatirimizdədir və biz həmişə Ulu Öndərimizi şükranlıqla xatırlayırıq.

    Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökumə Billuriyə, Yusif Səmədoğluna göstərdiyi qayğı xalqımızın yaddaşındadır. İlyas Əfəndiyev haqqında bir faktı da xatırlamaq yerinə düşərdi. Dramaturqun “Mahnı dağlarda qaldı” tamaşasının dövlət mükafatı alması şəxsən Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Dövlət komissiyasının yekun iclasından sonra ona təqdim olunan siyahıda “Mahnı dağlarda qaldı” tamaşasının adını görməyən Ulu Öndərimiz soruşur: “Niyə bu əsərin adı siyahıda yoxdur? Mən bu əsərə baxmışam və bəyənmişəm, - o vaxt komissiya üzvlərinin bir çoxu da teatrda idi.”Heydər Əliyev sənətin və sənətkarın qədrini bilən nadir şəxsiyyət idi.”



    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin Əməkdaşı


    PAYLAŞ:

    Oxşar xəbərlər