“Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən Ümummilli Lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir. Dahi şəxsiyyət Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla bitmirdi. Ulu Öndər Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəkarına çevrilirdi, ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi.
Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı.
Ümummilli Lideri ziyalının nüfuzu, şəxsi siması həmişə narahat edirdi. Onun fikrincə, ziyalıdan danışarkən kütləvi şəkildə düşünmək olmaz. “Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıcılığı, fəaliyyəti ilə bizim cəmiyyətin mədəni səviyyəsini qaldırırlar. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə cəmiyyətimizdə olan əcaiblikdir. Ziyalının hörməti qalxmalıdır, müəllimin hörməti qalxmalıdır, şairin, yazıçının, alimin hörməti qalxmalıdır. Onlar hörmətli olmalıdırlar həmişə. Bu bizim cəmiyyətdən asılıdır, bizdən asılıdır. Biz öz hərəkətlərimizlə, öz münasibətlərimizlə, öz tədbirlərimizlə gərək ziyalıların cəmiyyətdə hörmətini qaldıraq”.
Heydər Əiyev Azərbaycan elminin, Azərbaycan ziyalısının dünyada tanıdılmasının tərəfdarı idi. O, Azərbaycan Elmlər Akademiyasına, Akademiyanın yetişdirdiyi alimlərə qiymət verir, uğurlarını dəyərləndirirdi. “Xalqın iftixarı, fəxri” saydığı Elmlər Akademiyasını o, Azərbaycanın çoxəsrlik fəaliyyətində mühüm hadisə sayırdı. Onun fikrincə, “akademiya bizim ən yüksək elmi müəssisəmizdir, bütün elmin zirvəsində duran təşkilatdır”. O, akademiyanın qarşısında dövlət müstəqilliyinə xidmət etmək və Azərbaycan elminin inkişafında aparıcı rol oynamaq tələbini qoyurdu. O, alimlərlə görüşür, onların üzərindən qayğısını əsirgəməyəcəyini bildirirdi.
Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi, müstəqillik illərində də yazıçıların qurultayında iştirak edib. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı yazarlar üçün böyük etimad idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başlandı. Müdrik rəhbərin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə “Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və UNESCO-da yubileyinin təşkili fikirlərimizi əsaslandırır. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən kütləvi silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirən Prezident İlham Əliyev 2013-cü il dekabrın 28-də “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. “Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Ulu Öndərin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi unutmadılar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır.
Göründüyü kimi, Ulu Öndər Heydər Əliyev hər bir ədəbiyyat insanına xüsusi qayğı göstərmiş, yeri gəldikcə onların layiqli dəyərlərini almaqlarına birbaşa vəsilə olmuşdur. Bunlarla yanaşı, onun özəl olaraq sevdiyi sənətkarların və əsərlərin də olduğu heç kəsə sirr deyil. Həmin sıraya C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Azərbaycan”, M.Şəhriyarın “Heydərbabaya salam”, Ü.Hacıbəylinin “Koroğlu”, H.Cavidin “İblis” əsərləri və “Molla Nəsrəddin” jurnalı daxildir. O, bu sevginin qarşılığını daim öz xalqı tərəfindən hiss edib və bundan ilham alıb.
Əsədli Əsəd
Masallı Dövlət Regional Kollecin müəllimi