Bu gün Masallı rayonunun Viləş kəndində Şəhid qardaşların Nurlan və İntiqamın ailəsini ziyarət etdik. Bütün şəhid evləri eyni cürdür. Kasıb, sevincsiz. Divarlarından da kədər axır. Bütün şəhid evlərində Qəhrəmanlıqla həlak olan oğlanların böyük portretləri, onlardan qalan xatirə əşyaları saxlanılır ancaq...!
Hər insan həyatı ilə bir əsər yazır. Şəhid həyatı şahid olmağa gəldiyimiz həyatımızın ən muazzam əsəridir.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid verməyən xalqın mənliyi olmaz. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Bir ana düşünün, iki oğul vardı, hər ikisini də Vətən uğrunda qurban verib. Amma qürurlu və mətindir. Bu Ziba anadır!
Ananın sözlərinə görə, Nurlan da özünü həmişə qardaşına bənzətmək istəyirdi: "Nurlanım 2014-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yollandı, İntiqam isə artıq Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edirdi. Nurlan da hərbi hissədə Kəşfiyyat bölüyünün Baş istehkamçısı kimi xidmət edirdi. İntiqam Türkiyəyə Dağçılıq kursunu oxumağa gedəndə, Nurlan öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil oldu. Hər iki qardaş sevinərək və yorulmadan hərbçi sənətinə yiyələnirdilər. Hər iki oğlum bu sənəti seçməklə mənim arzularımı gerçəkləşdirdilər. İntiqam Türkiyədə Dağçılıq kursunu bitirib gələndə qardaşı üçün üzərində "Hər ananın oğlu əsgər olur, amma hər qızın sevdiyi komando ola bilməz" sözləri yazılmış köynək gətirib. Qardaşının yolunu davam etdirən Nurlan da Xüsusi Təyinatlıların kursunu bitirdikdən sonra hər iki qardaş eyni hərbi hissədə xidmət etməyə başladılar"...
Məlumat üçün bildirək ki, Əsgərovların kiçik oğlu, Aprel şəhidi Nurlan Əsgərli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Vətən müharibəsi şəhidi İntiqam Əsgərli isə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xüsusi Təyinatlı Qüvvələrin giziri İntiqam Əsgərlinin ölümündən sonra bir oğlu dünyaya gəlib. Əsgərovlar ailəsi şəhid oğullarının xatirəsini yaşatmaq üçün körpəyə atasının adını qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!