İnsanlar azad doğulur. Lakin azad yaşamaq hər kəsə qismət olmur. Azadlıq sərhədlərini müəyyən edib içində yanlışlar edərək yaşamaq deyildir. Azadlıq tamam fərqli bir anlayışdır. Bəli təbii ki, azad bir ölkənin var olması üçün onun sərhədləri çox önəmlidir. Ancaq o sərhədlər içində bir vahidlik, bir nizam-intizam, saf mühit yarada bilmiriksə demək ki, əslində azadlığımız formallıqdan başqa bir şey deyil. Həqiqətən yuxarıda qeyd etdiyim məsələri azadlığımızın içində var edə biliriksə artıq bu həqiqətən qurtuluşdur. 15 iyun tarixi sırf bu səbəbdən bizim üçün adi bir dövlət əhəmiyyətli təqvim bayramı deyil. 15 iyun bizim gələcəyimizin təminati əhəmiyyətli bir gündür. Xalq, millət, inkişaf əhəmiyyətli bir gündür. Azadlıqla həqiqi qurtuluşumuz arasında, fərasətsiz rəhbərlərin əllərində çarəsiz qaldığımız dönəmdə xalqın öz istəyi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi.
Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Xalq taleyüklü varlıqdır. Xalq anlayırdı ki, o hakimiyyətlər ikinci dəfə bizim azadlıq sevincimizi boğazımıza düyünləyəcəklər. Zaman qurtuluş zamanı idi. Xalq öz qərarını vermişdi. Necəki azadlığını meydanlara çıxıb SSRi divinin kürəyini yerə vuraraq qazanmışdı, eləcə də həmin meydanları təlatümə gətirib qurtuluşunu gerçəkləşdirdi.
O zamanlar bizim üçün xeyli çətin zamanlar idi. Başımıza açılmayan oyun qalmamışdı. Ardıcıl zərbə vurub bizi dizə gətirmək taktikasına əməl edən düşmənlər biz diz çökmədikcə boğazımıza çökürdülər. 15 iyun məhz bu amillərin ortaya çıxara biləcəyi səbəblərə görə tariximizin dönüş nöqtəsidir. Ulu Öndərin qayıdışı başımıza gələ biləcək başqa faciələrin qarşısını aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ulu Öndərin o zamanlar ilk məqsədi qazandığımız müstəqilliyi əldə saxlamaq idi. Bu məqsəd uğurla yerini tapdı. İmzalanmış atəşkəs, bizə bu günki, ərazi bütövlüyümüzü əldə etməmiz üçün vaxt qazandırmaqla bərabər, daha ağır nəticələri əngəllədi. Yurd yuvasını itirib, özünü belə o dağınıqlığın arasında tapa bilməyən məcburi köçkünlərin həyatı nisbətən normaya salındı, yaraları sarındı. Və onlara öz doğma vətənlərinə geri dönmə qüvvəti qazanmaq üçün imkan yaradıldı. Ümummilli Lider məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla bildirmişdi ki: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Qurtuluş tariximizin salnaməsinə nəzər salsaq görərik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Bu gün biz Heydər Əliyevi dünyaya bir memar kimi təqdim edə bilərik, əsrlərlə ayaqda qala bilmiş bir millətin qurtuluşunun memarı kimi. Ulu öndər əbəs yerə deyil ki, bu gün bütün dünyada sayqı və izzətlə anılır. Haqqında heyrətlə bəhs olunur.
Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Şuşanın işğaldan azad olunmasını birbaşa xalqa bəyan edən cənab prezident bu möhtəşəm zəfərin “Ata Vəsiyyəti” olmasını boşuna vurğulamadı. Bu iki kəlimənin altında Heydər Əliyev irsi yatır. Bu gün Cənab Prezident İlham Əliyev bütün dünyaya göstərir ki, layiqli ideologiyanın layiqli davamçısı olmaq. əzəldən varidatlı bir dövlətə formal rəhbərlik etməkdən daha mötəbər bir nəticədir. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bu gün dünya Azərbaycanın azadlığına Heydər Əliyev dühasının pəncərəsindən, İlham Əliyevin gözləri ilə baxır. Bu gün Azərbaycan iki dahi memarın ən möhtəşəm sənət əsəri kimi dünyanın düz mərkəzində ucalır.
Tural Sadıqov,
Masallı Gənclər Evi SXM-nin metodisti