Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Fikrət Hacıyevin doğum günüdür.
O, 1964-cü il Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub.
Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnən F. Hacıyev 1982-ci ildə hərbi xidməti Ufa şəhərində uğurla keçir. Xidmətdən qayıdandan sonra Bakı Kooperativ Texnikumunda təhsilini başa vurur.
Cəbhədə vəziyyətin gərginləşdiyini görən Fikrət 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak edir. O, 1992-ci il mayın 5-də Talış kəndi istiqamətindəki döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hacıyev Fikrət Əli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilib. Hazırda Ballıqaya kənd orta məktəbi onun adını daşıyır. Goranboy rayonunda büstü də qoyulub.