Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan dahi şəxsiyyət

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan  dahi şəxsiyyət
  • Cəmiyyət

  • Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin  10 mayın 2023-cü il tarixdə anadan olmasının 100 ili tamam olur.
                 
    Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
                   
    Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi   idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və  məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki   və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və  həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.
                   
    Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.
                   
    Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. 
                   
    Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir, Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.



    Bağırova Ülkər,
    C.Cabbatlı adına Ətkivan 1 saylı tam orta məktəbin  ingilis dili muellimi 


    PAYLAŞ:

    Oxşar xəbərlər