Tariximizdə müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamlarının sayəsində Azərbaycan əsrlərdən bəri formalaşdırmış olduğu milli dövlətçilik ideyasını, bütöv bir millətin etnik-siyasi potensialını qoruyub saxlaya bilmişdir. Ən yeni tariximizdə bu missiyanı Dahi şəxsiyyət Heydər Əliyev üzərinə götürmüş və şərəflə, ləyaqətlə öhdəsindən gəlmişdir.
Məhz Heydər Əliyev sayəsində Azərbaycan öz müstəqilliyinə nail olmuş, dünya dövlətləri sırasında öz mövqeyini qoruyub saxlaya bilmiş, üzərinə düşən xilaskarlıq missiyasını şərəflə yerinə yetirməkdən ötrü zamanın bütün ağırlığını öz çiyinlərinə götürərək dövlətimizi dünyanın xəritəsindən silinmək təhlükəsindən, xaos və hərc-mərclikdən qurtarmışdır. Böyük düha sahibi Heydər Əliyev öz misilsiz xidmətləri ilə Azərbaycan xalqının və onun tarixinin ən qüdrətli şəxsiyyətinə çevrilmişdir. Heydər Əliyevin həyatı və fəaliyyəti nəhəng və qüdrətli məktəbdir.
Xalqımızın qəlbində əbədi yaşayan Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Bu gün əminliklə söyləyə bilərik ki, dayanıqlı inkişaf üçün zəmin yaratmış təşəbbüslər Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Əsədli Əsəd,
Masallı Dövlət Regional Kollecinin müəllimi