Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır

Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır
  • Cəmiyyət

  • Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.
               
    Bir ay əvvəl Bolqarıstan Prezidenti Radev Azərbaycanda rəsmi səfərdə olmuşdur. Bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir.
               
    Möhtərəm Prezident cənab İlham Əliyev imzalanma mərasimində çıxış edərək söyləmişdir:“Əminəm ki, bu gün keçirilən mühüm mərasim əməkdaşlığımızın gücləndirilməsində atılan növbəti addım olacaq. Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nu imzaladılar. Onun əsasında, biz 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə biz Avropaya 8 milyard kubmetr qazı çatdırdıq, bu il isə 12 milyard kubmetri hədəfləyirik. Beləliklə, həmin həcm bu il üçün planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın təxminən yarısını təşkil edəcək. Təbii ki, qaz hasilatı və ixracımız artacaq. Çünki biz hasilatı mövcud qaz yataqlarında artıracağıq və gələn illərdə isə yeni yataqlarda təbii qazın hasilatını gözləyirik. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən biz Macarıstana və Slovakiyaya qaz təchizatına başlamağı planlaşdırırıq.
        
    Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində bizim tərəfdaşımıza çevriləcək. Biz qaz təchizatımızın coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndirəcəyik. Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq. Tərəfdaşlardan ibarət güclü komandanı yaratmaq kimi bu təşəbbüsdə Bolqarıstan Prezidenti cənab Radevin xüsusi rolunu qeyd etmək istərdim. Əminəm ki, “Həmrəylik Halqası” birgə geniş planlarımızın icrasında mühüm rol oynayacaq.”
             
    Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.




    Əntiqə Tağıyeva,
    Hişkədərə kənd sakini
    PAYLAŞ:

    Oxşar xəbərlər