Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir.Prezident cənab İlham Əliyevi 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfər etmiş və səfəri çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatlarla çıxış etmişdir. Qazaxıstanlı həmkarı ilə mətbuata bəyanatla çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında müttəfiq münasibətlərinin qarşılıqlı fəaliyyətin gələcək inkişafı üçün möhkəm təməl olduğunu qeyd edib.Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm töhfə verdi. Komissiyanın indiyədək 18 iclas keçirilib. Sonuncu iclas ötən il iyulun 5-də Qazaxıstanda baş tutub.Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan nneft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı daxildir.
10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfəri və Astananın mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən böyük hörmət və ehtiramı yüksək qiymətləndirən cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışının Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti olduğunu bildirmişdir.Qeyd olunmuşdur ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Müttəfiqlik münasibətlərinin getdikcə daha da möhkəmlənməsindən və inkişaf etməsindən danışan cənab Prezident bldirmişdir ki, keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı.
Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.Azərbaycan və Qazaxıstanın Beynəlxalq müstəvidə bir birinə qarşılıqlı dəstək verdiyini bildirən cənab Prezident qeyd etmişdir ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir. Azərbaycan ilə Qazaxıstan arasında mədəni əməkdaşlıq Prezident İlham Əliyevin Qazaxıstan səfərinin mərkəzi mövzusunu təşkil edib. Hadisələrin bu cür inkişafı qanunauyğundur belə ki, Azərbaycan və Qazaxıstan xalqları tarixən yaxın olub və humanitar sahədə əməkdaşlıq xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan səfəri istər Azərbaycan, istərsə də Qazxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın məhafeyinə xidmət edəcəkdir.
Müşfiq Qurbanov,
Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi