26 Fevral –Xocalı soyqırımı günü ilə əlaqədar

26 Fevral –Xocalı soyqırımı günü ilə əlaqədar
  • Cəmiyyət

  • Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
                 
    Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
                 
    Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi. Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
                   
    1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
                   
    Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 30 ilə yaxındır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
                 
    Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.



    Paşayev Teymur,
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi məktəbinin laborantı
    PAYLAŞ:

    Oxşar xəbərlər