Şuşaya bir nəfəs qədər yaxınıq

Şuşaya bir nəfəs qədər yaxınıq
  • Cəmiyyət



  • Poema

    Bu gün mənim

    şeirim, sözüm,

    hecam,

    qafiyəm

    İlhamdı.

    "Qarabağ -

    Azərbaycandı!”,

    Qarabağnaməm,

    İlhamdı.

    Müəllif

    Ordu kənardan

    yeridi,

    bilmədik, hardan

    yeridi.

    Yüz min əlisilahlı can,

    yüz min qəhrəman yeridi.

    Top yeridi,

    tank yeridi,

    topların,

    tankların üstə

    Üçrəngli bayraq

    yeridi.

    Dağlıq Qarabağ

    üstünə,

    Aran Qarabağ

    yeridi.

    Sıralandı

    nəsil-

    nəsil,

    düz on milyon xalq,

    yeridi.

    Yuxulu-oyaq,

    yeridi.

    Ölkə -

    ölkədən

    yeridi,

    paytaxt -

    paytaxtdan

    yeridi.

    Dedilər,

    möhkəm dayanın,

    bu dəfə torpaq

    yeridi.

    Dedilər,

    otuz il keçir,

    daha gecdi,

    VAXT

    yeridi.


    II.


    Qoşunların

    qabağında

    sən yeridin

    bayraq kimi.

    Əsən küləklər,

    yaydılar,

    bir səs kimi,

    soraq kimi.

    Özün də bir

    silah kimi.

    sözün də bir

    silah kimi.

    Neçə dildə

    hər tarixi

    müsahibən,

    səngəriydi,

    yanında xalq,

    bir də vətən.


    Öz yazdığı

    Bəyanatı,

    nə Millətlər

    Təşkilatı,

    nə başqa bir

    diplomatı,

    bizcə,

    açıb -

    ağartmadı,

    gündəliyə

    çıxartmadı,

    qoşun-filan

    yeritmədi.

    Bu nüfuzlu

    şəxsiyyətlər,

    nüfuzlu bir

    iş görmədi.

    İşğalçının

    susdu

    himayədarları -

    nə ölmədi,

    nə itmədi.

    Zaman-zaman

    sınamışdın

    sən onları.

    Geyib hərbi

    paqonları

    "Yox” deyənə,

    sən "Hə” dedin,

    hökmünü

    hökümlə dedin:

    uçan mərmilər

    dilində,

    səngərdə - səngər

    dilində.



    Birinci - əsgər

    dilində,

    Deyilənlər,

    qızdırırdı könlümüzü,

    Könlümüzdə: Ağdam,

    Şuşa,

    Cıdır düzü!

    Könlümüzdə: Sən,

    Ərdoğan.

    İki qardaş,

    İki sirdaş.

    Türkün möhkəm dayaqları,

    Bayrağı və

    Bayraqdarı!

    O "Bir millət, iki dövlət!”,

    Ulu Öndərə

    min rəhmət!


    III.


    Sənin bu zəfər yürüşün,

    fəlsəfi dünyagörüşün,

    nə istəyir, Zəmanədən,

    açıq deyir ya Zamandan,

    Cənab Ali

    Baş Komandan:

    Böhtandan,

    yalandan uzaq,

    bir açıq söz,

    bir İttifaq.

    Ədavət demir,

    ədalət,

    tamam real bir cəmiyyət!

    Kişidən -

    əsl kişilik!

    (Biz kişinin

    öz dilindən

    eşitmişik).


    Plutarxı çağırıram,

    qədim dünyaya

    üz tutub.

    "Qarabağ -

    Azərbaycandı!”,

    deyin, məni

    bu söz tutub.

    O, əvəzsiz vəsf elədi

    ötən hərbi yürüşləri.

    Azərbaycan,

    İlham olsun

    qoy sonuncu şah əsəri.

    Millətimin adı olsun,

    bu döyüş ovqatı olsun.

    Onun yaşamaq həvəsi,

    İlk Vətən müharibəsi.

    Milli birliyə səsləmək,

    "Gücümüz-birliyimizdi!” -

    bu sözü də

    belə demək!


    Əynində əsgər paltarı,

    (Geyinmədin

    hər paltarı).

    Ürəyində məhəbbətin,

    haqq yolunda

    qətiyyətin.

    Nə pələng dərisi

    geydin,

    nə qılınc -

    qalxan gəzdirdin.

    Nə tac qoydun,

    hər yanı

    daş-qaş içində.

    Anıldın da Şərqdə-Qərbdə,

    şərəfli

    tay-tuş içində.


    Tariximi yazan-pozan

    az olmadı,

    Başdan - divan

    tutulanda,

    yerdən - etiraz

    olmadı.

    Ər oğullar,

    danıldı

    lar.

    Qədim şahlar,

    Şahzadələr,

    od içində

    qan içində

    döyüşdülər.

    Bizi şahdan, şahzadədən

    irzikdirib,

    döndərdilər.

    Bizi başqa,

    gedər-gəlməz,

    o yollara

    göndərdilər.


    Birindən - bircə bayatı,

    birindən - bircə soyadı,

    birindən - bircə söz qaldı,

    külün altında - köz qaldı.

    Demədilər, gizlətdilər

    hər dəfə

    hünərimizi.

    Biz özgədən istədik

    öz yerimizi.

    Tək yerimi?!

    Baxtımızı!

    İndi də

    torpağımızı.

    O gün dedim bir əsgərə, -

    - Qoruyun,

    bir-birinizi.

    Təyyarələr görə bilər

    yerdə sizi?

    - Görə bilər,

    dönə bilməz amma geri.

    Belə dedi,

    ordumuzun

    sıradakı bir əsgəri.


    Yadımdadı

    rusiyalı

    jurnalistin

    bir söhbəti,

    heyif, özü

    eşitmədi.

    O deyirdi: hələ belə

    İgid insan,

    görməmişəm, insanları

    tanıyandan.

    Azərbaycan əsgəriydi,

    adı Vəzir,

    özü əsir.

    Məğruruydu bu biri də,

    o biri də.

    Xilas edib gətirmişdi


    yaralı bir

    əsiri də.

    Get! - dedilər, ona çıx, get!

    düşmənləri,

    ermənilər.

    Əfv eləyin, dedim onda,

    elədilər.

    Get! - dedilər, ona yenə

    ermənilər.

    o gedirdi, yanındakı

    kölgəsiylə

    ikiydilər.

    Nə qədər də güc olsaydı,

    ayağında, -

    o cür yeriyə bilməzdi,

    Şekspirin

    qəhrəmanı,

    o güllələr

    qabağında.

    Bir yəhudi jurnalisti,

    tamam başqa

    bir söz dedi:

    "Azərbaycan əsgərinə,

    fikir verin, -

    Çatmaz ona

    heç ilahi

    qəhrəmanı,

    Şekspirin!”

    Cənab Ali

    Baş Komandan,

    Sən dedin ki,

    dahi xalqdı,

    Azərbaycan!

    Varaqladın,

    varaq-varaq

    bu tarixi,

    Sən yaz daim

    biz oxuyaq,

    bu tarixi!


    (Yerdə millətim qoruyur,

    Allahım,

    göydə sən qoru.

    gözdən,

    ya nəzərdən qoru.

    Böhtandı, şərdi -

    düşməni,

    o böhtandan,

    şərdən qoru.

    Yerdən başqa

    yerimiz yox,

    bəşəri

    bəşərdən qoru.)


    IV.


    Şəhidləri basdırmırıq,

    biz əkirik,

    o, bitəcək.

    yerdən qisas göyərəcək.

    qayıdacaq,

    o gələcək!...”

    Yer üzündə hansı ana,

    belə xeyir-dua verib,

    şəhid gedən

    balasına?!

    Bəlkə bu son laylasıdı -

    belə donan

    bu göz yaşı?

    Ana-bala harayıdı,

    ya bu hücum

    çağırışı?!


    Başqadır Qələbə,

    Uğur, -

    milləti tanımaq olmur.

    İndi vətən -

    vətən boyda

    bir səngərdi.

    Millət - on milyon

    əsgərdi.

    Millət - şəhid atasının,

    bir də şəhid

    övladının

    əlindədi.

    Qələbəmiz - Kəlbəcərə

    gedən yolun

    eşitdim

    əvvəlindədi.


    Dəyişibdi

    böyüyümüz,

    uşağımız.

    Topların

    ağzından çıxır

    Qarabağ

    İntibahımız!

    Asta yeri,

    ziyarətə

    gələn gəlin,

    yer altdakı

    o naməlum

    bir heykəlin,

    oyaq ruhu

    yer üstündən

    nigarandı.

    Harda Şəhid

    qəbri gördün,

    ora -

    Fəxri Xiyabandı.


    V.


    Cənab Ali

    Baş Komandan,

    qarşındakı

    bayaq dedim:

    aravuran,

    intriqan,

    o da düşük,

    o da düşmən!

    Danışırdı bir görüşdə,

    tanış əsgər:

    "Qovlamışdıq,

    əclafları,

    getmişdilər.

    Sonra mərmi

    yağdırdılar.

    uçurdular,

    taladılar,

    dağıtdılar.

    yer tapmadıq,

    sancmağa

    bayrağımızı.

    Əyildim,

    öpdüm,

    ağladım,

    yaralı torpağımızı...”


    VI.


    Mən sevindim,

    qürurlandım,

    çəkiləndə sənin adın.

    Rus deyir: "QİMO” məktəbi!

    - Moskva, paytaxt təhsili,

    öz biliyi,

    bir sərkərdə aliliyi!

    Müəlliməm,

    Alqışladım,

    müəllimin

    ürəyini.

    Məndən sonra

    başqasına

    danışırdı

    o, rəyini.


    "Ulu Öndər məktəbidi” -

    bunu burda

    biz deyirik,

    elə biz də

    düz deyirik.


    Qızıl Arslan Atabəyin,

    varisidi.

    hələ yolun yarısıdı.

    Dünya özü bir az Səbir,

    bir az Möhlət

    dünyasıdı.

    "Asəfi-Kəf” möcüzəsi! -

    bir eşq içib,

    ülfət içib,

    ilahi bir qüvvət içib,

    bu da - bir Tanrı töhfəsi!

    Burda ana laylasına

    yatan uşaq,

    sonra Ata çağrışına

    oyanıbdı,

    səndən qabaq,

    məndən qabaq.


    Zaman deyir,

    Tarix deyir: ermənilər,

    istədilər, -

    sərhədləri pozulsun,

    orda,

    hardasa,

    qalxsın böyük rus ordusu.

    Dalınca, başqa ölkələr,

    Fəlakətlər,

    təhlükələr,

    daha nələr!

    Tilsim qırdı,

    düyün açdı,

    sirli düyün.

    o nə bir eşitdiyim,

    nə sənin bir yol gördüyün!

    O sərkərdə!

    o qəhrəman!

    Şahidmi?

    Biz: Tarix,

    Zaman.


    Oğul, - deyib, yollar-izlər

    öpdü onun ayağını,

    o da öpdü, Ana deyib,

    Qarabağda,

    Azərbaycan

    torpağını.


    Nəriman HƏSƏNZADƏ,
    Xalq şairi
    PAYLAŞ:

    Oxşar xəbərlər