AMEA prezidentinin 21 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq, 2022/2023-cü tədris ili üzrə 5 yanvar - 2 fevral tarixlərində magistrantların qış imtahan sessiyası keçirilir.
Sessiya çərçivəsində müəyyən olunmuş qrafikə əsasən, yanvarın 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında magistrantların xarici dil fənni üzrə imtahanı baş tutub. İmtahanda 2 növbə olmaqla, 153 magistrant iştirak edib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli imtahan prosesi ilə tanış olub.
Gənclər qarşısında çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bu gün müasir dünyada gedən proseslər və ölkəmizin genişlənən əlaqələri fonunda xarici dilləri mükəmməl bilmək və informasiya texnologiyalarını dərindən mənimsəmək xüsusi əhəmiyyət kəsb edir və bu faktorlar peşəkar mütəxəssis kimi yetişməkdə mühüm rol oynayır.
Gənc kadrların ölkəmizin dövlətçilik və milli maraqları fonunda, Azərbaycançılıq ideaları işığında yetişməsinin əhəmiyyətini vurğulayan AMEA rəhbəri dünyanın hansı bölgəsində yaşamağımızdan asılı olmayaraq ölkəmizin Prezidentini, bayrağını, himnini, gerbini daim uca tutmağın hamımızın vətəndaşlıq borcumuz olduğunu bildirib. Qeyd edib ki, milli-mənəvi dəyərlər, adət-ənənələr şəxsiyyətin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir və ingilis dilini də bu meyarlar çərçivəsində mənimsəmək lazımdır.
“Azərbaycan xoşbəxt ölkədir ki, onun lider baxımından bəxti gətirib. Ulu Öndər Heydər Əliyev ölkəmizin çətin vaxtlarında Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas edib, işıqlı gələcəyə aparıb. Prezident İlham Əliyev isə Azərbaycanı indiki inkişaf səviyyəsinə çatdırıb. Bu gün Azərbaycanın dünyada böyük nüfuzu var. Prezident İlham Əliyev 50 milyonluq dünya azərbaycanlılarının lideridir. Ölkəmizin başçısı az qala BMT səviyyəsində üzvü olan Qoşulmama Hərəkatına sədrlik edir. Bu günlərdə isə BMT-nin Təhlükəsizlik Şurasında Fransanın ölkəmiz əleyhinə məkrli planlarının uğursuzluğa düçar olması Azərbaycan dövlətinin nüfuzunu, Prezident İlham Əliyevin dünya liderlərindən biri olduğunu qəti şəkildə isbat edir”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.
Akademiyanın magistrantlarının AMEA-nın potensial əməkdaşları olduğunu bildirən akademik İsa Həbibbəyli son illərdə Akademiyanın ən böyük problemlərindən birinin qocalma prosesi olduğunu, yeni nəslin elmə az gəldiyini söyləyib. Vurğulayıb ki, Akademiyada magistratura pilləsi yaradıldıqdan sonra bu tendensiya dəyişməyə doğru gedir və 2015-2022-ci illər ərzində AMEA-nın magistraturasını bitirmiş 380-dən çox magistrdən 179-u bu gün Akademiyada fəaliyyətini davam etdirir.
Tədris prosesini həyata keçirən müəllimlərə də öz tövsiyələrini verən AMEA rəhbəri çıxışının sonunda müstəqil və güclü Azərbaycan dövlətinin işıqlı gələcəyi olan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İmtahan prosesini AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, dosent Hüseyn Hüseynov, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov və Mərkəzi Elmi Kitabxananın baş direktoru, professor Məmməd Əliyev də izləyiblər.
www.leqal.az