2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı

2023-cü ildə Qarabağda yeni mərhələnin başlanğıcı
  • Cəmiyyət

  • 10 yanvar müsahibəsi hər il olduğu kimi bu ildə, cari ildə yaşanılacaq proseslər haqqında mətbuatı və dolayı yolla xalqı məlumatlandırmaq üçün önəmli bir addım idi. Ölkə başçısının bizləri maraqlandıran suallara şəffaf və adekvat cavabı il boyunca yaşanılacaq bütün məsələlərə aydınlıq gətirmiş oldu.  
                   
    Bütün müsahibə boyunca mərkəzdə dayanan məsələ bu idi ki, dövlətin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili dayanır. Prezident İlham Əliyev daim bu fikri vurğulayır ki, sosial-iqtisadi inkişaf yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Bunun üçün, ilk növbədə, ölkənin güclü dayanıqlı iqtisadi potensialı olmalıdır. Azərbaycan sosial dövlətdir və əminliklə demək olar ki, iqtisadi müstəqilliyini təmin edən ölkəmizdə indiyədək heç bir sosial layihə təxirə salınmayıb. Minimum pensiya və minimum əməkhaqqının artırılması prosesi bu il də davam etdiriləcək. Yəni, son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq görülən işlərdir. İqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq. 
                   
    Prezident çıxışında bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağının gözlənildiyini də bildirdi. Bütün bunlar dövlətimizin yürütdüyü siyasətin mərkəzində insan amilinin dayandığını bir daha isbat edir. Prezident bir daha vurğuladı ki, 2023-cü il Azərbaycan üçün düşərli olacaq. Dövlətimizin başçısı 2020-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacağına inamını ifadə etdi. İqtisadi məsələlərdən danışan İlham Əliyev Avropada baş alıb gedən inflyasiyanın idxal edən bir ölkə olaraq bizə də təsiriniin qaçınılmaz olduğunu və bir neçə məsələyə görə bunun qarşısının alınması indiki halda mümkün deyil. Qarabağın bərpası məsələsində bütün vəsaiti tək başına yatırmışıq, sadəcə Qazaxıstan və Özbəkistan liderləri hədiyyə olaraq iki orta məktəb inşasını öz üzərinə götürüb ki, bu da qarşımızda dərya boyda məsuliyyətin sadəcə iki damlasıdır. 
                   
    Prezident İlham Əliyev bu il də dövlətin əsas diqqət mərkəzinin, yəni əsas xərclər istiqamətinin Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesi olacağını söylədi. Əsas məsələ yenə də işğaldan azad edilmiş yurd yerlərimizin bərpası və ordu potensialımızı gücləndirməkdir. Dövlətimizin başçısı bu il laçınlıların Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını da bildirdi. Müzəffər Ali Baş Komandanın əminliklə söylədiyi bu fikirlər hər bir laçınlının, o cümlədən bütün Azərbaycan xalqının Zəfər sevincini daha da artırdı. Soydaşlarımız yurd-yuvalarına qayıdacaq, bu torpaqlara yeni həyat verəcək, malik olduğu iqtisadi resurslardan istifadə etməklə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcəklər. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. 
                 
    Hazırda Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bir sözlə, Prezident İlham Əliyevin konseptual xarakterli növbəti müsahibəsi çox sayda əhəmiyyətli mesajlarla yadda qaldı.  
                 
    Təbii ki, bu tipli çıxışlar hələ çox olacaq. Ölkə rəhbərliyi xalqın daimi olaraq xarici və daxili proseslərlə məlumatlı olmasını təmin edərək, birgə addım atmaq yolunda sabitliyi və sinxronluğu qaydasında saxlamağa nail olur və bu da inkişafın, dinamikanın ilkin şərtidir. 

                         

    Tural Sadıqov,
    Masallı Gənclər Evinin metodisti
    PAYLAŞ:

    Oxşar xəbərlər