Noyabrın 10-da Azərbaycan ən yeni tarixini - zəfərlərlə bəzənmiş tarixini yazdı. Vətən yolunda canını sipər edən, ölümün gözünə dik baxmağı bacaran əsgər və zabitlərimizin yüksək vətənsevərliyi, qorxmaz xarakteri, igidliyi, cəsurluğu və yenilməzliyi ilə Ermənistanı və onun qorxaq ordusunu döyüş meydanında cəzalandırmağı uğurla davam etdirdi və onları diz çökdürdü.
azərtac-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Səadət Əliyeva deyib. O bildirib ki, şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi dayandı. Dövlət başçımız az qala hər gün fərqli media nümayəndələrinin suallarını cavablandırdı, təmkinlə izah edib, bütün həqiqətləri qəbul etdirdi. Çox layiqincə və tutarlı faktlara əsaslanan cavablar isə hər bir Azərbaycan vətəndaşının qürurdan gözlərini yaşartdı. Müzəffər Ali Baş Komandanımız beynəlxalq ictimaiyyətin bilərəkdən qərəzli verilən suallarını o qədər ustalıqla və dəqiq hədəfinə vurmaqla cavablandırdı ki, ekran qarşısında olan hər bir Azərbaycan tamaşaçısı ancaq qürur və fəxrlə onu izlədi və dəstəklədi. Beynəlxalq ictimaiyyət, nəhayət ki, Azərbaycanın haqq savaşını və ədalətli mübarizəsini qəbul etdi. Bütün dünya bizim haqq səsimizi eşitdi, qulağını açıb dinləmək istəməyənlərə belə, ədalətli mövqeyimizi ifadə edə bildik.
“Prezidentimizin nüfuzlu xarici media orqanlarına verdiyi hər bir müsahibə yalnız bu gün üçün deyil, gələcəkdə istinad ediləcək bir mənbə rolunu oynayacağı şəksizdir. İnanırıq ki, 2020-ci ilin payızında yaşananlar Qələbəmizi sevinc hissi ilə qələmə almaq istəyənlərə nüfuzlu və mötəbər mənbə rolunu oynayacaq. Beynəlxalq ictimaiyyət tərəfindən bu çıxışlar hələ çox izləniləcək, dostlarımıza fəxarət, düşmənlərimizə layiqli dərs olacaq”, - deyən Səadət Əliyeva qeyd edib ki, artıq dünya ictimaiyyəti Qarabağımız uğrunda gedən döyüşlərin yeni müharibə taktikası kimi dünya hərb tarixinə yazıldığının şahidi oldu! Bizim ədalətli mübarizəmiz haqq mübarizəsi idi, ən güclü silahımız isə Vətən sevgisi və öz doğma torpaqlarımızın tam və qeyd-şərtsiz azad edilməsi istəyimiz idi və biz buna nail olduq. Bizim bu haqq işimiz və ədalətli mübarizəmiz qarşısında Ermənistan hərbi yolla heç nəyə nail olmayacağını qəti şəkildə bilməli idi və artıq düşməni qandırmağı bacardıq. Çünki qazanılan qələbənin təməlində Vətənə sonsuz sevgi, qələbəyə yüksək inam və ruh yüksəkliyi dururdu.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri vurğulayıb ki, Qələbəyə inam hissi, dövlətimizə, ordumuza sonsuz güvən ixtisasından və peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşını qələmini alıb ruh yüksəkliyi ilə dolu sətirlər yazmağa vadar etdi. Ölkə mediasında böyükdən–kiçiyə hər kəs orduya dəstək nümayiş etdirdi. Hətta bağçaya gedən uşaq, məktəbdə oxuyan şagird belə, yazdığı kiçik yazıda Qələbə əzmini, düşmənə nifrət ruhunu ifadə etdi. Noyabrın 10-da zəfər sevincini yaşayan KİV əməkdaşları sevinc və qürur hissi ilə Azərbaycan dinləyicisi və tamaşaçısının qarşısına çıxdılar. Müzəffər Ali Baş Komandana ünvanlanan məktublar, qələbəyə inam dolu sətirlər Azərbaycan xalqının zəfər inam arzusunun ən bariz nümunəsinə çevrildi. Prezidentimiz çox gözəl və yerində deyib: “Onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişlər”. Bəli, düşmənlər ordumuzun gücü ilə bərabər onun döyüş əzmini, rəşadətini, sınmaz qürurunu ölçə bilməyiblər.
“Mən Azərbaycan Respublikasının vətəndaşı olaraq bu günlərin sevincini yaşadığım üçün qürur hissi keçirirəm. İnanıram ki, gələcək nəsillər bunu həmişə böyük fəxrlə yad edəcək, qəhrəman əsgər və zabitlərimizin nəvə-nəticələri olmaları ilə öyünəcəklər! Haqq işini müdafiə edən, ədalətli mövqeyini daim dünyaya nümayiş etdirən Azərbaycan ümummilli lider Heydər Əliyevin dediyi kimi, dünyaya Günəş kimi yenidən doğacaq. Ruhunuz şad olsun, Ulu Öndər!!! Bəli, uzaqgörənliklə dediyiniz o sözlər öz təsdiqini tapdı. Azərbaycanımızı əmanət etdiyiniz cənab Prezidentimiz Sizin etimadınızı doğrultdu!”, – deyən Səadət Əliyeva vurğulayıb ki, bu gün “Odlar Yurdu”nun əldə etdiyi Qələbə öz işığı, nuru ilə hər bir soydaşımızın qəlbinə sevinc, xoşbəxtlik bəxş etdi, düşmənlərimizi isə yandırıb-yaxdı. Biz buna bütün varlığımızla inanırdıq! Əmin idik ki, bu tarixi günə şahidlik edəcəyik! Çünki bizim ölümdən qorxmayan, şəhidlik zirvəsinə ucalmağı özünə şərəf bilən, canını Vətən yolunda sipər edən, ölümün gözünə dik baxan igid, dəyanətli oğullarımız var. Ona görə də vüqarla dalğalanan bayrağımız artıq işğaldan azad edilən torpaqlarımızda ucaldıldı.
Dalğalan sən, qeyrət tacım, dərdlərimi tez unutdur,
Dalğalan sən, hər titrəyiş varlığıma bir sübutdur.