Məşhur Məmmədov: “Dünyanın bu möcüzədən xəbərdar olması üçün əlimizdən gələni etməliyik”
“Şuşanın tanıdılması istiqamətində atılan hər bir addım təqdirəlayiqdir”
Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi çərçivəsində dünyanın müxtəlif ölkələrində Şuşanın tarixinin, təbiətinin, mədəniyyətinin tanıdılması istiqamətində ciddi addımlar atılmaqdadır. Bu addımlardan biri də İslahatçı Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərdir. Qeyd edək ki, İslahatçı Gənclər İctimai Birliyi tərəfindən Ukraynanın İrpen şəhərində, o cümlədən bəzi universitetlərində “Şuşa ili” ilə bağlı bir sıra sərgilər keçirilib ki, bu sərgilər Ukrayna cəmiyyəti, eyni zamanda bu dövlətin mediası tərəfindən böyük maraqla qarşılanıb.
moderator.az-a açıqlamasında “Şuşa ili” ilə bağlı bu cür sərgilərin əhəmiyyətinə toxunan millət vəkili Məşhur Məmmədov, belə tədbirlərin Azərbaycan tarixinin və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Şuşa öz ruhu, mənəvi əhəmiyyəti ilə bizim üçün əvəzedilməz olduğu kimi, tarixi, mədəniyyəti, təbiəti ilə də əsl möcüzədir. Dünyanın bu möcüzədən xəbərdar olması üçün əlimizdən gələni etməliyik.
Bildiyiniz kimi, dövlət başçısı 2022-ci ili “Şuşa ili” elan edib. “Şuşa ili” çərçivəsində dünyanın müxtəlif dövlətlərində mədəniyyət paytaxtımızla bağlı sərgilərin, tədbirlərin keçirilməsi, müxtəlif kitabların, jurnalların nəşr edilməsi nəzərdə tutulub. Bu baxımdan Ukraynada Şuşa ilə bağlı sərgilərin keçirilməsi, onun zəngin təbiətinin, mədəniyyətinin, tarixinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması olduqca əhəmiyyətlidir. Bu cür sərgilər əsnasında tamaşaçılar Şuşanın gözəl təbiəti, zəngin mədəniyyəti ilə yanaşı, həm də erməni faşizminin bu şəhərdə tarixi və mədəni abidələrə qarşı həyata keçirdiyi soyqırıma da şahid olur. Bu cür sərgilər həmçinin, Şuşanın işğaldan azad edilməsindən sonra dövlətimizin bu şəhərdə həyata keçirdiyi böyük quruculuq-abadlıq işlərinin təbliğ edilməsi baxımından da olduqca zəruridir. Odur ki, Şuşanın tanıdılması istiqamətində atılan hər bir addımı təqdirəlayiq hesab edir, bu sahədə əməyi olan hər kəsə təşəkkür edirəm. Düşünürəm ki, bu cür tədbirlər mütəmadi şəkildə davam etdirilməlidir”.
LEQAL.AZ