2022-ci il yanvar ayının 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində burada inşa olunacaq Memorial Kompleksin təməlini qoydu, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını edib. Prezidentin səfəri çərçivəsində Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.
Təxminən 4 hektar ərazidə yaradılacaq Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək. İkinci “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması vətəndaşların bu sahədə artan tələbatını yerinə yetirəcək. Gəncə lokomotiv deposunda isə 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Ümumiyyətlə, ötən on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu, Gəncəyə həmişə yüksək səviyyədə olan diqqətin bariz nümunəsidir. Bu gün Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir. Gəncədə indiyədək bir sıra layihələr icra edilib və bir sıra layihələrin icrası davam edir. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma layihələri tam icra edilib, içməli su layihəsi isə icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Şəhərdə yollar tam müasirləşdirilib, həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu xətt, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, rahatdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub. Gəncənin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Bu şəhərin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyasının açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfədir. Xüsusilə İkinci Qarabağ – Vətən müharibəsindən sonra Gəncənin Kəlbəcər rayonunun inkişafı ilə bağlı əhəmiyyəti daha da artıb. Belə ki, Kəlbəcərə yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərə gedir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilir. Çünki qış aylarında həmin yol keçilməz və çox təhlükəli olur. Hazırda Murov dağının altından uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni, Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə də Kəlbəcərin, Laçının və digər azad edilmiş torpaqların həyatında xüsusi rolunun olacağı şübhəsizdir. Gələcəkdə Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da xeyli dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Oradakı qızıl, dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün Gəncənin xüsusi əhəmiyyəti olacaq.
Ümumiyyətlə, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerdə olub. Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır. Yeni inşa olunan Gəncə İdman Sarayı da Azərbaycanın ən böyük idman kompleksi olacaq.
Bütün bunlar deməyə əsas verir ki, digər regionlarımızla yanaşı, qədim Gəncə şəhərimizin də inkişafı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Biz əminik ki, yaxın gələcəkdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ölkəmizin inkişafındakı yeri və rolu daha da artacaqdır.
Kənan Ağazadə,
Masallı rayon Əminli kənd sakini, gənc könüllü.