Düşmən tapdağından azad edilən Cəbrayılın Nüzgar kəndinin sakinləri doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. O gün artıq çox yaxındadır. Şanlı ordumuz tərəfindən erməni silahlı birləşmələrindən azad edilən yaşayış məntəqələrimiz arasında Nüzgar kəndi də var.
LEQAL.AZ xəbər verir ki, Nüzgar sakinlərinin 27 ildir nakam qalan arzuları artıq reallığa çevrilib. Nüzgar kəndindən olan Əzizovlar ailəsi də uzun illərdir Vətən həsrəti ilə yaşayır. Onlar öz doğma el-obalarındakı gözəl anları şəkillərə baxaraq xatırlayırlar. Lakin Nüzgarın azad olunması kənd sakinlərinin Vətən həsrətini sevinc hisləri ilə əvəz edib.
Nüzgar sakini Fazil Əzizov söyləyib ki, Lələtəpənin sol tərəfində yerləşən kəndin çox gözəl münbüt torpaqları var: “Kəndimizin təxminən 500 hektar əkin sahəsi, örüş yerləri var. Həmçinin kəndimizdə bulaqlarla yanaşı, 7 kəhriz də var. Biz o yerləri 27 ildir gözləyirik. İndi arzularımız gerçək olur. Ən böyük istəyim kəndimizin kəhrizlərinin suyundan içməkdir. Mən sürücü olduğum üçün o yerləri qarış-qarış gəzmişəm, gözəl yerlərimiz var. Biz hər zaman inanırdıq ki, o səfalı yerlərə qayıdacağaq. Hazırda da güclü ordumuz zəfər yürüşünü davam etdirir. Əminik ki, bütün torpaqlarımız işğaldan azad ediləcək”.
Nüzgar kəndindən olan müəllim Qızqayıt Əzizova isə bildirib ki, yurdlarının azad edilməsi xəbərini eşidəndə sevinci yerə-göyə sığmayıb. “Bu illər ərzində şagirdlərimə işğal altındakı torpaqlarımız barədə məlumat verib, o yerləri uşaqlara sevdirmişəm. Hər zaman inanmışıq ki, haqq-ədalət gec-tez öz yerini tapacaq, torpaqlarımız azad ediləcək, şəhidlərimizin qisası alınacaq. İndi 27 ildir gözlədiyimiz o günləri yaşayırıq. İnşallah, bütün torpaqlarımız azad ediləcək və hər bir vətəndaşımız öz doğma torpaqlarına qayıdacaq”.
Qeyd edək ki, Nüzgar kəndi şanlı ordumuzun zəfər yürüşünün ilk günündə - sentyabrın 27-də yağı düşmən tapdağından azad olunub.