Siyəzəndə yaşayan yüz yaşlı Əmrah babanın uzunömürlülüyünün sirri

Siyəzəndə yaşayan yüz yaşlı Əmrah babanın uzunömürlülüyünün sirri
  • Cəmiyyət / Maraqlı

  • Siyəzən sakini Əmrah Məmmədov şimal bölgəsində yaşı yüzü ötən üç nəfərdən biridir. 100 yaşlı Əmrah baba rayonun Böyük Həmyə kəndində yaşayır.

    "Leqal" xəbər verir ki, Məmmədov Əmrah Hacəli oğlu 1921-ci il yanvarın 20-də Siyəzən rayonunun Böyük Həmyə kəndində anadan olub. Uşaqlıq və yeniyetməlik illəri doğma kəndində keçən Əmrah Məmmədov 20 yaşı olanda hərbi xidmətə yollanıb.

    “Mənim uşaqlıq illərim çətin dövrə düşüb. Buna baxmayaraq, dərslərimi yaxşı oxuyurdum. Yatağımız yox idi. Evin yerinə döşək atıb yatmışıq. Valideynlərim yatandan sonra lampanı yandırıb dərs oxuyurdum. Yaxşı oxuyurdum deyə hərbi xidmətə gedəndə məni komandirlik məktəbinə qəbul elədilər”, - deyə yüz yaşlı ağsaqqal bildirib.

    Ə.Məmmədovun əsgərlik illəri İkinci Dünya müharibəsi dövrünə təsadüf edib. Almanlar SSSR-yə hücum edəndə Uzaq Şərq vilayətlərində xidmət aparan Əmrah Məmmədov bölük komandiri kimi döyüşlərə cəlb olunub. Ukrayna, Belarus cəbhələrində döyüşən qəhrəman azərbaycanlı göstərdiyi şücaətə görə medallarla da təltif edilib. Başından qəlpə yarası alsa da, müalicədən sonra yenidən ön cəbhəyə qayıdıb. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq bu gün də hörmətlə xatırlanır. Ə.Məmmədov Azərbaycanla yanaşı, Rusiya və Ukrayna hökumətləri tərəfindən də faşizm üzərində qələbənin yubiley medalları ilə təltif olunub.

    Altı ilə yaxın xidmətdə olan Əmrah Məmmədov doğma yurdu Siyəzənə yalnız müharibə qurtarandan sonra - 1946-cı ildə qayıdıb. Həmin vaxt işçi qüvvəsi çatışmadığından dərhal Siyəzəndə neft quyularının qazılması işlərinə cəlb edilib.

    “Müharibədən iki-üç gün idi qayıtmışdım. Səhər tezdən qapının qarşısında qışqırıb məni çağırırdılar. Mənə çörək talonu gətirmişdilər. Həmin dövrdə qıtlıq idi. Onda kəndimizdə cəmi 80 ev vardı. İşçi qüvvəsi də çatışmırdı. Siyəzəndə neft buruqları quraşdırırdıq, quyular qazırdıq. İki-üç il orada işlədim. Sonra kəndimizə qayıdıb evləndim”, - deyə Ə.Məmmədov bildirib.

    1947-ci ildə ailə həyatı quran Əmrah Məmmədovun 5 oğul və 3 qız övladı olub. Hazırda Əmrah babanın 34 nəvəsi, 55 nəticəsi və 5 kötükcəsi var. Onun övladlarından altısı həyatdadır. İki oğlu və həyat yoldaşı dünyasını dəyişib.

    Gəncədə kənd təsərrüfatı istiqamətində təhsil alaraq aqronomluq ixtisasına yiyələnən Əmrah Məmmədov ömrünün çoxunu üzüm bağlarında keçirib. Həmin dövrdə Böyük Həmyə kəndində olduqca keyfiyyətli texniki üzüm sortları becərilib.

    Əmrah baba uzunömürlülüyün sirrini sağlam həyat tərzində görür. O, siqaret çəkməyib, spirtli içki içməyib. Daha çox təbii ərzaqlarla qidalanır və piyada çox gəzir.

    “İnsan mənəviyyatını da sağlam saxlamalıdır. Mən ömrüm boyu çalışmışam heç kimə pislik etməyim, ziyan vurmayım. Özümü də qorumuşam. Haram tikə yeməmişəm. “Artıq tamah baş yarar” deyiblər. Övladlarıma, nəvələrimə də həmişə bunu tövsiyə etmişəm”, - deyə yüz yaşlı ağsaqqal söyləyib.

    Əmrah Məmmədovun 101 yaşının tamam olmasına bir aydan da az vaxt qalıb. Şimal bölgəsində yaşı yüzü ötən digər iki nəfər isə qadındır.




    PAYLAŞ:

    Oxşar xəbərlər