Noyabrın 3-ü saat 09:00 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xızı Rayon Prokurorluğundan Leqal.az-a verilən məlumata görə, həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilmişdir ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Şəhriyar Salahlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
13:40
Xızı rayonunda qətl hadisəsi baş verib.
Leqal.az apa-ya istinadən xəbər verir ki, hadisə Xızı rayonunda yerləşən “Yaşma Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində qeydə alınıb.
Belə ki, orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Mirzəbabayev Sərxan Oktay oğlu aralarında düşən mübahisə zəminində iş yoldaşı tərəfindən bıçaqlanıb. S.Mirzəbabayev aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın