Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 30-dək Azərbaycanın yaşayış məntəqələrini, mülki şəxsləri atəşə tutması nəticəsində indiyədək 7 ailə tamamilə məhv olub. Bundan başqa, 4 uşaq hər iki valideynini itirib.
LEQAL.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 30–da Baş Prokurorluqda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı ölkəmizdə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli və beynəlxalq media qurumlarının nümayəndələri üçün təşkil olunan brifinqdə məlumat verib.
Baş prokuror bildirib ki, indiyədək həlak olan 91 mülki şəxsin 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53-ü kişi, 15-i ahıldır.
Ermənistan silahlı qüvvələri oktyabrın 4-də, 5-də, 8-də, 11-də və 17-də Gəncə şəhərində dinc əhalini ağır artilleriya və raket atəşinə tutması nəticəsində 26 nəfər, o cümlədən 10-qadın və 6 uşaq həlak olub, 57-si qadın, 32-si uşaq olmaqla 142 nəfər yaralanıb. Bərdə rayonunda isə 27 dinc sakin (8 qadın və 1 uşaq) həlak olub, 101 nəfər, o cümlədən 26 qadın və 14 uşaq xəsarət alıb.
Kamran Əliyev vurğulayıb ki, düşmənin raket və ağır artilleriya atəşləri nəticəsində Tərtər rayonunda 17 (1 uşaq, 1 qadın), Goranboy rayonunda 8 (2 qadın, 5 uşaq), Ağdam rayonunda 7 (1 qadın), Füzuli rayonunda 3 nəfər, Beyləqan rayonunda 2 qadın və Ağcabədi şəhərində 1 uşaq həlak olub.