Bu gün müzəffər ordumuz Azərbaycanın bir neçə yaşayış məskənini erməni işğalından azad edib” - Ali Baş Komandanın bəyanatlarını eşidən məcburi köçkünlərin keçirdikləri hisslər...
Artıq ötüb əsən həsrət yelləri,
Gözlərimin quruyubdur selləri,
Keçib neçə həsrət dolu illəri
Dizin-dizin, sürünərək gəlmişəm,
Doğma kəndim, görüşünə gəlmişəm...
İkimiz də viran qalan, talanan,
İçimizdə alovlanan, odlanan,
Hey yollara həsrət ilə boylanan,
Ayrılığı həmişəlik silmişəm,
Doğma kəndim, görüşünə gəlmişəm...
Hicran odu közərdikcə kövrələn,
Həsrət çəkən həm sən oldun, həm də mən,
Bu hicrana nə sən dözdün, nə də mən,
Sənlə bütöv, sənsiz yarı, tənmişəm,
Doğma kəndim, görüşünə gəlmişəm...
Mən uşaqdım səndən ayrı düşəndə,
İkimiz də birgə düşdük kəməndə,
Hansı bəndə, söylə, dözər bu dərdə,
Mən mən deyil, dönüb bütöv sənmişəm,
Doğma kəndim, görüşünə gəlmişəm...
Aç qolunu, qucaqlaşaq, görüşək,
Dərdimizi pıçıltıyla bölüşək,
Həzin-həzin nəğmə deyib ötüşək,
Ayrılıqdan usanmışam, bezmişəm,
Doğma kəndim, görüşünə gəlmişəm.
Ata yurdum, görüşünə gəlmişəm...
Məhəmməd MƏHƏRRƏMOV, «AZƏRBAYCAN».