Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib

Rayon rəhbəri Masallıda ilk inklüziv təhsilə cəlb edilmiş şagirdi ziyarət edib
  • ---

  • Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri əsasında autizm spektr pozuntusu və Kanner sindromu olan, 9 oktyabr 2020-ci il təvəllüdlü Məcidov Sərvər Əliqismət oğlu Masallı rayonunda ilk dəfə inklüziv təhsil formasında təhsilə cəlb olunub. Sərvər Məcidov S.Tağıyev adına Masallı şəhər 4 saylı tam orta məktəbinin I sinfində təhsil alır.
    İnklüziv təhsilin təşkilinə xüsusi diqqət yetirən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Sərvər Məcidovu təhsil aldığı məktəbdə ziyarət edib, onun təhsil prosesi və məktəb mühiti ilə tanış olub.

    Qeyd edək ki, sinifdə ümumilikdə 21 şagird təhsil alır. Onlardan 20-si sağlamlıq imkanları məhdud olmayan şagird, 1-i isə inklüziv təhsil alan Sərvər Məcidovdur.
    Görüş zamanı rayon rəhbəri Sərvər Məcidova və onun sinif yoldaşlarına kitab və qələm dəstlərindən ibarət hədiyyələr təqdim edib. İbtidai sinif müəllimi Səidə Hüseynovaya isə gül dəstəsi təqdim olunub.

    Ziyarət zamanı inklüziv təhsilin əhəmiyyəti, xüsusi təhsil ehtiyacları olan uşaqların ümumi təhsil mühitinə inteqrasiyası və onların təhsil hüquqlarının təmin olunmasının vacibliyi diqqət mərkəzində olub.
    Rayon rəhbəri bildirib ki, inklüziv təhsil uşaqların fərdi xüsusiyyətlərindən asılı olmayaraq həmyaşıdları ilə birlikdə təhsil almasına, sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına imkan yaradır. Sərvər Məcidovun da həmyaşıdları ilə bir sinifdə təhsil alması bu baxımdan mühüm nümunədir.

    Sərvər Məcidovun valideyni Əliqismət Məcidov övladına göstərilən diqqət və həssas münasibətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Elm və Təhsil naziri Emin Əmrullayevə və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova təşəkkürünü bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər