“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi.
Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək.
Deyə bilərəm ki, son vaxtlar bir neçə Dövlət Proqramı qəbul olunmuşdur. Qəbul edilmiş bütün proqramlar çox konkretdir, qısamüddətlidir və son məqsədə çatmaq üçün həm dövlət büdcəsində növbəti illər üçün maliyyə təminatı, həm də investisiya proqramında kifayət qədər vəsait nəzərdə tutulur. Eyni zamanda, bu proqramların icra və nəzarət mexanizmləri də tam hazırdır.
Qeyd etdiyim kimi, qəbul edilmiş proqramlar qısamüddətlidir, 2030-cu ilin sonuna qədər icra edilməlidir. Düzdür, su proqramı daha böyük vaxt tələb edir. Amma dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Proqram da cəmi 4 il ərzində icra edilməlidir. 2027–2030-cu illərdə proqram tam icra edilməlidir. Qəbul ediləcək bu yeni proqram, eyni zamanda, bizim regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir.
Ölkəmizdə qazlaşmanın səviyyəsi 96 faizdir və biz 25 milyard kubmetrdən çox qaz ixrac edirik. Daxili tələbat bundan qat-qat aşağıdır. Biz elektrik enerjisi ilə bağlı bütün məsələləri həll etdik və çox güclü potensial yaratdıq. Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür. Müəyyən həcmdə ixrac da edilir, amma növbəti illərdə bu ixrac genişmiqyaslı olacaq, xüsusilə nəzərə alsaq ki, dünya bazarlarında enerji resursları ilə bağlı – elektrik enerjisi, yanacaq, təbii qaz, bütün bu əsas enerji təhlükəsizliyini təmin edən bu məhsullarla bağlı böyük narahatlıq var, qıtlıq var. Yəni dünya mənzərəsi göz önündədir. Ona görə bütün bu işlərin vaxtında görülməsi ilə bağlı atdığımız addımlar bizi böyük problemlərdən sığortaladı. Təsəvvür edin ki, əgər bunları etməsəydik, bu gün biz çox çətin vəziyyətə düşə bilərdik və bəzi ölkələr kimi qapı-qapı gəzib xahiş-minnət edərək öz enerji təhlükəsizliyimizi təmin etmək üçün gərək kiməsə ağız açaydıq.
Azərbaycan bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.
Bu gün isə mənzərə tam fərqlidir. Bizə çoxlu müraciətlər daxil olur və biz təbii ki, imkan daxilində kömək göstəririk, göstərəcəyik. Təbii ki, bizim həm rolumuz artır, həm nüfuzumuz artır və eyni zamanda, bütün tərəfdaşlar görürlər ki, Azərbaycan son illər ərzində nə qədər irəliyə gedib, nə qədər güclənib ki, bu gün nəinki öz tələbatını tam təmin edir, eyni zamanda, bir çox ölkələr üçün enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevrilib.
Abbas Abbaszadə,
Masallı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri