“Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib

“Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib
  • Cəmiyyət

  • AMEA-nın Əsas binasında “Yazıçı-tədqiqatçı Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və Zəfərin vəhdəti” mövzusunda tədbir keçirilib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yazıçı-tədqiqatçı Sadıq Qarayevin yaradıcılığını təhlil edərək, onun Azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyini bildirib. O, yazıçının əsərlərinin Azərbaycançılıq düşüncəsinin və ideologiyasının carçısı kimi, eləcə də  elmi-ədəbi fikrin müasir səviyyəsini əks etdirən dəyərli nümunələr kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətini qeyd edib.

    AMEA prezidenti Akademiyanın yalnız elmi istiqamətlərin inkişafı ilə kifayətlənmədiyini, eyni zamanda, bu elm ocağında ictimai maraqların təmin olunması məqsədilə müxtəlif səpkili tədbirlərin də həyata keçirildiyi bildirib. O, AMEA-nın elmi-sosial fəaliyyət istiqamətlərindən biri kimi müxtəlif institut və təşkilatlarda baş tutan təsviri sənət sərgilərini xüsusi qeyd edib. Bildirib ki, hazırda Akademiyanın müxtəlif elmi müəssisələrində çalışan, aralarında fəlsəfə və elmlər doktorlarının da olduğu 28 nəfər əməkdaş təsviri sənətlə məşğul olur. Akademik İsa Həbibbəyli vurğulayıb ki, tarix, ədəbiyyat, informatika, fizika və digər elm sahələrində çalışan bu əməkdaşların əsərlərində yalnız bədii təsvir deyil, həm də yeni fikir, məntiq və dərin düşüncə öz əksini tapır. Burada təkcə ilham deyil, idrak və elmi yanaşma da xüsusi yer tutur.

    AMEA rəhbəri ədəbi yaradıcılıq metodlarının ictimai-siyasi sistemlə sıx bağlı olduğunu söyləyərək qeyd edib ki, birpartiyalı sistemlərdə ədəbiyyatın vahid yaradıcılıq metodu mövcud olduğu halda, çoxpartiyalı sistemlərdə müxtəlif yaradıcılıq metodları və fərqli baxışlar formalaşır. O, bu baxımdan Sovet dövrünün ədəbi metodlarının müasir dövrün yaradıcılıq meyillərindən ciddi şəkildə fərqləndiyini vurğulayıb.

    Akademik İsa Həbibbəyli qeyd edib ki, son 30 ildən artıq dövrdə Azərbaycan ədəbiyyatında müxtəlif ədəbi cərəyanları təmsil edən tanınmış simalar meydana çıxmış, bu dövrdə ədəbiyyat və incəsənətdə akademizm adlı yeni bir cərəyan formalaşmağa başlamış və ölkəmizdə bu cərəyanı təmsil edən yazıçı və rəssamlar yetişmişdir.

    “Yazıçı-tədqiqatçı Sadıq Qarayev Azərbaycan ədəbiyyatında akademizm ədəbi cərəyanını görkəmli nümayəndələrindən biridir”, - deyən AMEA prezidenti qeyd edib ki, bu cərəyanın nümayəndələrindən yalnız bədiilik deyil, həm də aydın ziyalı mövqeyi tələb olunur. Bu zaman bədii düşüncə ilə yanaşı, problemə elmi baxış da ortaya qoyulmalı və bu iki istiqamət arasında balans qorunmalıdır.

    Onun sözlərinə görə, Sadıq Qarayevin həm elmi-fəlsəfi, həm də bədii üslubda qələmə aldığı əsərlər müasir Azərbaycan ədəbiyyatı və ictimai fikri üçün mühüm önəm daşıyır.

    Akademik İsa Həbibbəyli yazıçının əsərlərinin dövlətçilik ideologiyasını hərtərəfli, zəngin və əsaslı şəkildə təqdim edən etibarlı mənbələr olduğunu qeyd edib. Vurğulayıb ki, Sadıq Qarayevin yaradıcılığında Azərbaycançılıq ideyası, dövlətçilik düşüncəsi, milli qürur və Zəfər ruhu həm bədii, həm də elmi aspektlərdə dolğun şəkildə öz əksini tapır.

    Çıxışının sonunda akademik İsa Həbibbəyli yaradıcı üslubu ilə seçilən Sadıq Qarayevin müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb, ədibə gələcək  fəaliyyətində uğurlar arzulayıb. O, yazıçının əsərlərində milli və bəşəri dəyərlərin özünəməxsus tərzdə əks olunduğunu, Azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrin ustalıqla qələmə alındığını söyləyib.

    Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə elmi biliklərini bədii yaradıcılığı vasitəsilə ictimaiyyətə çatdıran Sadıq Qarayevin irsini fəlsəfi aspektlərdən dəyərləndirib. Qeyd edib ki, Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir.

    Professor İlham Məmmədzadə yazıçının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyini vurğulayıb. O, Sadıq Qarayevin elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən müxtəlif janrlı əsərlərini dəyərli nəsr nümunələri kimi yüksək qiymətləndirib, ədibə yeni yaradıcılıq uğurları arzulayıb. 

    Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq, dövlətçilik və zəfər ruhunun təqdim olunduğunu söyləyib, onun vətənpərvər ziyalı kimi öz mövqeyini açıq şəkildə və cəsarətlə ortaya qoyduğunu bildirib.

    Ceyhun Məmmədov tarixə nəzər salaraq Azərbaycan xalqının uzun illər boyu xarici təzyiq və düşmənçilik siyasəti ilə üzləşdiyini qeyd edib. Tarixi kontekstdən baxdıqda Azərbaycanın böyük strateji qələbə qazandığını deyən millət vəkili bu qələbənin geosiyasi, iqtisadi nəticələrinin bütün parametrləri ilə yeni bir mərhələnin əsasını qoyduğunu vurğulayıb.

    O, tarixi keçmişimizin unudulmaması və gələcəkdə eyni faciələrin təkrar yaşanmaması üçün ideoloji təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib, bu istiqamətdə daha çox əsərlərin yazılmasının, kitab və monoqrafiyaların ərsəyə gəlməsinin önəmini bildirib.

    “Bu gün dünyada baş verən proseslər ideoloji təhlükəsizliyin önəmini daha da artırır”, - deyən Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı parlaq çıxışında və  yerli televiziya kanallarına müsahibəsində ideoloji məsələlərə çox geniş formada toxunduğunu söyləyib. Vurğulayıb ki, dövlət başçısının milli-mənəvi dəyərlərin, xüsusilə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları cənab Prezidentin öz xalqının tarixinə və kimliyinə olan dərin bağlılığının təzahürüdür.

    Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Sadıq Qarayevin ədəbi yaradıcılıqla yanaşı, ölkənin ictimai-siyasi həyatında da hər zaman fəal iştirak etdiyini bildirib. O, Azərbaycançılıq ideallarının dövlətçiliyimizin möhkəmlənməsində, qələbələrimizdə rolundan bəhs edərək, Zəfərlərimizin gələcək nəsillərə və dünya xalqlarına çatdırılmasında bədii ədəbiyyatın rolunu xüsusi qeyd edib.

    Bəxtiyar Nəbiyev qeyd edib ki, Azərbaycançılıq ideologiyası müasir Azərbaycanın ideoloji sütunudur. Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu ideologiya Prezident İlham Əliyevin müdrik və uzaqgörən fəaliyyətində dövlətə hörmət, Vətənə məhəbbət prinsipinə söykənir.

    Bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün dünyada qalib dövlət, xalqımızın isə məğrur xalq kimi tanındığını söyləyən Bəxtiyar Nəbiyev İkinci Qarabağ müharibəsində qazanılan Qələbənin Azərbaycanın müstəqillik və bütövlükdə dövlətçilik tarixinin mühüm hadisəsi olduğunu vurğulayıb. O, ideoloji təxribatlara qarşı mübarizənin yeni dövrün çağırışlarına uyğun aparılmasının önəmini qeyd edərək, bu mənada ziyalıların öhdəsinə böyük məsuliyyətin düşdüyünü deyib.

    Tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli, həmin institutun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, aparıcı elmi işçi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəyli və başqaları çıxış edərək Sadıq Qarayevin yaradıcılığını yüksək qiymətləndirib, onun müxtəlif janrlarda yazılmış əsərlərinin elmi əhəmiyyətindən bəhs ediblər. Çıxışlarda vətənpərvər yazıçı, alim və ictimai xadim olan Sadıq Qarayevin əsərlərində Azərbaycançılıq məfkurəsi və ideyasının əsas tutulduğu vurğulanıb.

    Sonda yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq  Qarayev  çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

    PAYLAŞ:

    Oxşar xəbərlər