AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanından irəli gələn məsələlərin icrasına həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, sözügedən Fərman dövlət qurumlarında kargüzarlığın aparılması sahəsində qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunmaqla “kağızsız hökumət”ə keçid prosesinin sürətləndirilməsi və rəqəmsal idarəçiliyin tətbiq edilməsi məqsədini daşıyır.
AMEA rəhbəri Fərmanda Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edən Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminin yaradılmasının əksini tapdığını vurğulayıb.
Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə ölkəmizdə informasiya cəmiyyətinin qurulması və daha da inkişaf etdirilməsi istiqamətində aparılan mühüm işlərə AMEA-nın da öz töhfəsini verməkdə olduğunu deyən akademik İsa Həbibbəyli Akademiyada bu məqsədlə “Elektron Akademiya” şöbəsinin yaradıldığını və son aylarda elmi tədqiqat institutlarında elektron xidmətlər şəbəkəsinin genişləndirildiyini söyləyib. AMEA rəhbəri qeyd edib ki, Akademiyada elektron sənəd döviyyəsi həyata keçirilsə də, bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsinə, genişləndirilməsinə və sistemləşdirilməsinə ehtiyac vardır.
Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Akademiyada elektron sənəd dövriyyəsi sisteminin qurulması məqsədilə AMEA-nın şəbəkə infrastrukturuna texniki baxışın keçirildiyini diqqətə çatdırıb: “Hazırda AMEA Rəyasət Heyətinin binasında keçirilmiş texiki baxışın nəticələri təhlil olunur. İlkin olaraq qeyd etmək istərdim ki, şəbəkə kabellərinin əksər hissəsi məqbuldur, lakin internet avadanlıqlarının və texniki parametrləri aşağı olan kompüterlərin yenilənməsinə ehtiyac var. Bu addım Rəyasət Heyətinin binasında verilən internetin sürətinə müsbət təsir edəcək və müasir kompüterlər vasitəsilə ən son əməliyyat sistemlərindən istifadə etməklə mərkəzləşmiş qaydada lisenziyalı proqramlardan yararlana biləcəyik”.
Müşavirədə, həmçinin AMEA Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, Sənədlərlə iş şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əsmər Əliyeva, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsi müdirinin müavini, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və başqaları çıxış edərək Akademiyada sənəd mübadiləsinin elektronlaşdırılması ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Sonda akademik İsa Həbibbəyli sənəd mübadiləsinin elektronlaşdırılmasının sürətləndirilməsi və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
www.leqal.az