Yeni Azərbaycan Partiyası (YAP) işğalçı Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını və onun Əlavə Protokollarını, habelə xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş görüşünün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki vətəndaşlarını raket atəşinə tutması barədə e-mail məlumatlandırma aksiyası keçirir.
YAP-dan LEQAL.AZ-a bildiriblər ki, aksiya çərçivəsində partiyanın çoxsaylı könüllüləri Ermənistanın Bərdə şəhərinə terror hücumları barədə 55 beynəlxalq təşkilata, 75 beynəlxalq KİV-ə, 197 parlamentə, onların sədrlərinə və deputatlarına, 97 dövlət və hökumət başçısına, 187 siyasi partiyaya, 165 ölkənin xarici işlər nazirliklərinə, ümumilikdə 800-ə yaxın ünvana 210 mindən artıq e-mail göndərib.
Yeni Azərbaycan Partiyası bununla yanaşı, “Facebook”, “Twitter”, “Instagram”, “Telegram” üzərindən Bərdə terroru barədə məlumatlandırma işlərini də həyata keçirib. Partiyanın gəncləri Bərdə terroru ilə bağlı 3 dildə posterlər, kollajlar, kiçik həcmli videoçarxlar hazırlayaq #Bardacity, #StopArmenianAggression, #KarabakhisAzerbaijan, #DontBelieveArmenia, #ArmeniaKillsCivilians haştaqları üzərindən yayıblar. Son iki gün ərzində Bərdə terroru barədə təxminən 200 mindən artıq tvit, “Facebook” statusu yazıblar, “Instagram” və “Telegram” paylaşımı ediblər.
Göndərilmiş e-maillərdə, yazılmış statuslarda, paylaşılmış poster və videoçarxlarda Ermənistanın Bərdə terrorunun nəticələri barədə məlumat verilib və dünya birliyi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi terror siyasətinə, təcavüzkarlıq siyasətinə susmamağa çağırılıb. Qırxdan artıq insanın öldüyü, 100-dək insanın yaralandığı Gəncə terrorundan sonra Bərdədə 30-dək insanın qətlə yetirilməsi, 90-dək insanın yaralandığı növbəti terror aktının həyata keçirilməsi Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı soyqırımı həyata keçirdiyini sübut edir. Dövlət və hökumət başçılarına, dünya parlamentarilərinə, nüfuzlu KİV-lərə, siyasi partiyalara, XİN-lərə ünvanlanmış müraciətlərdə müasir dünyanın Holokost, Ruanda, Serebrenitsa, Xocalı soyqırımılarından sonra daha bir genosidi yaşamasına imkan verməməyə və bu səbəbdən də Ermənistan kimi terror dövlətinə qarşı təsirli tədbirlər görməyə çağırışlar səsləndirilib.