Allahşükür Paşazadə Erkan Özoralı qəbul edib

Allahşükür Paşazadə Erkan Özoralı qəbul edib
  • Siyasət

  • Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.

    QMİ-nin Mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, səfiri səmimi salamlayan A.Paşazadə Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın "Bir millət-iki dövlət" prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi, möhtərəm dövlət başçılarımız – zati-aliləri Rəcəb Tayyib Ərdoğan və zati-aliləri cənab İlham Əliyevin qardaş əlaqələrinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafının qəlblərimizə fəxarət və qürur yaşatdığını dilə gətirdi.

    Şeyxülislam qardaş ölkə olan Türkiyənin böyükelçisi E.Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd etdi. QMİ sədri cənab səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan qürur duyduğunu bildirən A.Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür edib.

    Cənab E.Özoral qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə edib.

    A.Paşazadə cənab səfiri Azərbaycan Respublikasının yüksək mükafatı – "Dostluq" ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, E.Özorala gələcək fəaliyyətində uğurlar dilədi, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğulayıb.

    A.Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər