Azərbaycan Prezidenti İlham Əliyevin təlimatına uyğun olaraq səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri fevralın 6-da işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər.
azərtac-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olmaqdan ibarət idi.
Diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər müşayiət ediblər.
Səfirlər və hərbi attaşelər əvvəlcə Cocuq Mərcanlıda olublar. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı ətrafında təhlükəsizlik təmin olunmuşdu. Kənd bundan əvvəl Azərbaycanın nəzarətində olsa da, Lələtəpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin əlində olduğu üçün burada tikinti-quruculuq işləri aparmaq mümkün deyildi. Hətta diplomatik korpus nümayəndələri 2017-ci ilin fevralında bu kəndə səfər etmiş və tamamilə dağılmış kəndi gözləri ilə görmüşdülər.
“Azərbaycanın işğaldan azad olunmuş digər əraziləri də tamamilə dağıdılıb. Bu gün Cəbrayıl və Zəngilana səfərimiz zamanı həmin dağıntıları yenə də görəcəyik. Lakin gördüyünüz kimi, Cocuq Mərcanlı çox qısa müddətdə, yəni təxminən bir il ərzində yenidən quruldu. Bu, Azərbaycan xalqının Qayıdış əzminin rəmzinə çevrildi. İşğaldan azad olunmuş digər ərazilərimizdə də Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı və məqsədyönlü şəkildə böyük quruculuq, tikinti işləri aparılacaq ki, bizim mülki insanlarımız 30 ildən artıqdır həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər”, - deyə Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmən atəşinə məruz qalan yaşayış yerlərimizdən biri də Cəbrayılın Cocuq Mərcanlı kəndidir. Ermənistan ordusunun kəndə atdığı raket və mərmilərin dağıtdığı 45 evdə tikinti-bərpa işləri davam edir.
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Cocuq Mərcanlı ilə tanışlıqdan sonra Cəbrayıl şəhərinə gəliblər.
Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərindəki dağıdılmış qəbiristanlığa və erməni vəhşiliyinə məruz qalmış digər ərazilərə baxıblar.
Dünya şöhrətli fotoqraf Reza Deqati Cəbrayıl şəhərində diplomatik korpus nümayəndələrinə işğaldan azad olunmuş ərazilərdə çəkdiyi şəkilləri göstərərək deyib: “Görürsünüz ki, Cəbrayıl şəhəri tamamilə dağıdılıb. Bir dənə də bina salamat qalmayıb. Bəziləriniz artıq Ağdam və Füzulidə olmusunuz. Ağdam demək olar ki, şumlanıb. Ağdam, Füzuli, Zəngilan və Şuşada olduğu kimi, Cəbrayılda da məzarlıqlar dağıdılıb. Siz burada məzardan çıxarılan yüzlərlə insan sümüklərini görürsünüz. Onlar qəbirləri ekskavatorla qazaraq qızıl dişlər axtarıblar. Məzarlıqların bu cür kütləvi şəkildə dağıdılması tarixboyu görünməyib. BMT-yə müraciət edirəm ki, bu məsələyə diqqət yetirsinlər”.
Reza Deqati qeyd edib ki, bir müddət öncə Kəlbəcərdə idi və orada minlərlə ağacın kəsildiyini görüb: “Kəsib aparıblar, apara bilmədiklərini isə yandırıb məhv ediblər. Bu, bir ekoloji faciədir”.
Cəbrayıl Mədəniyyət Evi ilə tanışlıq zamanı dağıntılar arasında uzun illərdən sonra ilk dəfə musiqi səsləndirilib. Azərbaycanlı musiqiçi dağıntılar arasında skripkada ifa edib.
Sonra diplomatik korpus nümayəndələri Xudafərin körpüsünə səfər ediblər.
Daha sonra səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri Zəngilan rayonuna gəliblər.
Zəngilanda erməni barbarlığına şahidlik edən diplomatlar əvvəlcə şəhər məscidinə baxıblar. Ermənistan işğal olunmuş bütün ərazilərimizdəki digər məscidlər kimi bu məscidi də dağıdıb, təhqir edib. Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlara bu barədə ətraflı məlumat verib.
Sonra Mincivan qəsəbəsinə gələn diplomatik korpusun nümayəndələrinə məlumat verilib ki, vaxtilə buradan Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmir yolu xətti keçirdi. 1993-cü ildə Zəngilan rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra Mincivan dəmir yolu stansiyası da fəaliyyətini dayandırıb. Sonradan ermənilər tərəfindən tamamilə dağıdılıb.
Diqqətə çatdırılıb ki, ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr mənfur Ermənistanın bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturu və tarixi, dini-mədəni abidələri dağıtmasına göz yumurlar. Cəbrayıl və Zəngilanda bir dənə də olsun salamat bina qalmayıb. Ermənistan rəhbərliyi və onun havadarları uzun illər bunu gizlədirdilər. İşğal zamanı bu bölgələrdə olan beynəlxalq təşkilatların nümayəndələri də həmin faktın üstünü örtürdülər. Əslində isə bu talançılıq, vəhşilik bütün dünyaya çatdırılmalıdır və hazırda bu mənzərə bütün dünyaya təqdim edilir.
Media və diplomatik korpus nümayəndələrinin bu səfərlərində məqsəd də ondan ibarətdir ki, hər kəs erməni barbarlığını görsün. Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etməyib, eyni zamanda, erməni faşizmini məhv edib. Bu baxımdan Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə nəinki bölgə üçün, dünya üçün də çox böyük əhəmiyyət daşıyır.