Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-ə müsahibəsində radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyini və səfir Elin Süleymanovu hədəfə alaraq nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlaması məsələsinə münasibət bildirib.
LEQAL.AZ xəbər verir ki, Leyla Abdullayeva deyib: “Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim.
Biz, əlbəttə, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.
Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.
Xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olması, xalqların birgə yaşayışınında maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünmürlər”.