Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir

Prezident İlham Əliyev: Bu çətin vaxtda mənəvi-siyasi dəstək bizim xalqımız üçün olduqca vacibdir
  • Siyasət

  • Bu çətin vaxtda mənəvi-siyasi dəstək, əlbəttə, bizim xalqımız üçün, habelə baş verənlər barədə həqiqəti bütün dünyanın daha çox bilməsi üçün olduqca vacibdir. Bizim qələbəmizin nəticələrindən biri o oldu ki, bu gün artıq 1990-cı illərin əvvəlində müharibəyə nəyin səbəb olması, işğalın nəticələrinin nədən ibarət olması, işğalçıların zəbt etdikləri ərazilərdə nələr törətməsi barədə heç kəsin şübhəsi yoxdur.

    LEQAL.AZ
    xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən söyləyib.

    Dövlətimizin başçısı vurğulayıb ki, həm beynəlxalq hüquq, həm Qarabağın Azərbaycana mənsub olması barədə tarixi həqiqət, həm də bu gün beynəlxalq kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların əyani şəkildə gördükləri bizim haqlı olduğumuzu bir daha sübut edir. Biz 30 il ərzində bunu sübut edirdik və son nəticədə döyüş meydanında işğalçıları müqəddəs torpaqlarımızdan qovaraq silah gücünə bunu sübut etdik.

    “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər