Azərbaycanın region ölkələrinin altıtərəfli formatda əməkdaşlıq təklifini dəstəkləyirik. Bu, sülh və rifah üçün regional inkişafı sürətləndirəcək.
LEQAL.AZ xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Jurnalistlər Birliyinin “Qlobal media” jurnalına müsahibəsində ifadə edib.
Qarabağ münaqişəsinin bir ölkənin başqa bir dövlətin torpaqlarını işğal etməsi ilə beynəlxalq hüququn açıq bir şəkildə pozulması nəticəsində baş verdiyini vurğulayan Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan Ermənistanın hücumlarına qarşı özünü qətiyyətlə müdafiə edib və işğal altındakı ərazilərini nəzarəti altına alıb. Qırx dörd günlük müharibənin nəticəsi olaraq üçtərəfli Bəyanat imzalanıb. Noyabrın 10-da imzalanmış Bəyanatda Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlənib.
Atəşkəsin nəzarətdə saxlanılması və proseslərin müşahidəsi üçün Azərbaycanın dəvəti əsasında həyata keçirilən işlərdən bəhs edən nazir deyib: “Ermənistan tərəfinin bu atəşkəsə və ortaq üçtərəfli Bəyanatda qəbul edilmiş şərtlərə əməl etməsini, yeni macəralardan qaçmasını və Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqları üzərində suverenliyini qəbul etməsini, bununla da uzunmüddətli siyasi həllə aparan yolu açmasını gözləyirik”.(azərtac)