Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcək. Artıq göstəriş verilib və indi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaq. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır.
LEQAL.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.
Dövlətimizin başçısı deyib: “Vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır”.
Prezident İlham Əliyev azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısının hazırlanması barədə tapşırıq verərək deyib: “Onlar onsuz da var idi, amma indi onlara yerində baxmalıyıq, onların vəziyyətinə baxmalıyıq ki, onları sonra bərpa edək. Ancaq, ilk növbədə, əlbəttə ki, onların təftişi, kvalifikasiyası aparılmalı və beynəlxalq şirkətləri dəvət etməklə onların bütün siyahısı tərtib edilməlidir. Deyə bilərəm ki, azad edilmiş torpaqlarda bütövlükdə dağıntılar siyahıya alınır. Bu dağıntıları törədənlərə qarşı biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq”.