Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir

Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir
  • Siyasət

  • Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

    LEQAL.AZ Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

    “Siz bizim əbədi qəhrəmanımızsınız”

    İsmayıllı rayonundan Nərmin Fərəməzova yazır:

    “Cənab Prezidentimiz, tarix yazan Sərkərdəmiz İlham Əliyev.

    Sizə İsmayıllı rayonunun Sulut kəndindən yazıram. Mənim 14 yaşım var. Sizə yazmağımın əsas səbəbi öz sevincimi bildirməkdir. Mən Qarabağ bölgəsindən olmasam da, Qarabağ azad olunanda çox sevinirdim. Çünki Vətənin hər qarışı bizimdir. Vətən müharibəsindəki qalibiyyətimiz Sizin, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin və bir yumruq kimi birləşən xalqımızın sayəsində oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı əsgərlərimiz tezliklə sağalsınlar. Bu şanlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Siz bizim əbədi qəhrəmanımızsınız. Nə yaxşı ki, Sizin kimi başçısı olan müstəqil dövlətin vətəndaşıyam. Vətənə hər an xidmət etməyə hazıram. Biz bir olanda Azərbaycan oluruq! Qarabağ Azərbaycandır!”.

    “Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var”

    Saatlı rayon sakini Miryusif Abasov:

    “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

    Sizin komandanlığınızla şanlı ordumuz tərəfindən işğal altında olan torpaqlarımız 30 ildən sonra mənfur erməni tapdağından azad olundu. Bu parlaq qələbə əsrlərboyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Əlbəttə, bu tarixi qələbəyə Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə, milli birliyimiz, dəmir yumruq kimi birləşməyimiz sayəsində nail olundu. Şanlı qələbə münasibətilə Sizi, xalqımızı, müzəffər Ordumuzu ürəkdən təbrik edirəm. Fəxr edirəm ki, Sizin kimi müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız var. Allah Sizi qorusun!

    Hörmətli cənab Prezident, Sizin ölkədə qismən səfərbərliklə əlaqədar imzaladığınız Sərəncam mənim də ürəyimdən oldu. Həqiqi hərbi xidmət dövründə ağır artilleriyada təcrübə qazanmışdım deyə dərhal cəbhəyə könüllü yazılanlar sırasına qoşuldum. 2020-ci il sentyabrın 29-dan torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərə qatılmışam. Cəbrayıl, Füzuli, Qubadlı rayonları ərazisində erməni faşistlərinə qarşı şücaətlə vuruşmuşam. Yaralı döyüşçü yoldaşlarımı döyüş meydanından çıxarıb tibbi yardım məntəqəsinə çatdırılmasına kömək göstərmişəm. Hazırda Laçın rayonunda “N” saylı hərbi hissənin tərkibində qulluq edirəm. Əsgərlərimizin sırasında olmağımdan çox məmnunam və böyük qürur duyuram.

    Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə Allahdan şəfa diləyirəm.

    Allah Sizi qorusun! Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

    “Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı”

    Türkiyənin Ankara şəhərindən Enver Türkoğlu:

    “Möhtərəm cənab Prezident.

    Qazandığınız tarixi Qələbəyə görə Türkiyədən şəxsən Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bu günlərdə Qarabağdakı Qələbəmizin xoşbəxtliyini ürək dolusu yaşayırıq.

    Çünki 30 ilə yaxın idi ki, hər gün bu zəfərin xəyalını quraraq yaşayırdıq. Ancaq bir gün həmin anın gələcəyinə, mütləq doğma torpağımıza qayıdacağımıza əmin idik. Allaha şükür ki, Qarabağ bu gün öz sahiblərini qazandı.

    Bu 44 günlük dövrdə Sizin qətiyyətiniz və dik duruşunuz bizi qürurlandırdı, bu hisslər uzun illər unudulmayacaq. Fürsətdən istifadə edərək, Sizə və qalib Azərbaycan Ordusuna təşəkkür etmək istəyirəm. Şəhid əsgərlərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyirəm.

    Cənab Prezident, səmimi qəlbdən inanıram ki, Sizin rəhbərliyiniz altında, irəliyə baxan güclü siyasətinizlə Azərbaycan hər il daha da inkişaf edəcəkdir.

    İki dövlət, bir millət anlayışı hər birimiz üçün dəyərlidir. Türkiyə və Azərbaycan arasındakı dost münasibətləri hər keçən gün daha da inkişaf etdirilməsində Sizin və Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın fəaliyyətini yüksək qiymətləndiririk.

    Hörmətli Prezident, Sizi bir daha təbrik edir, uzun ömür, cansağlığı arzulayıram. Ana Vətəndən Ata Vətənimə salamlar çatdırıram”.

    “Bu Qələbə Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir”

    Bakı şəhər sakini Sərdar İsmayılov:

    “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

    Mən Qarabağ müharibəsi əlili, vətənpərvər qarabağlı kimi torpaqlarımızın erməni faşistlərindən uğurla azad etdiyinizə, böyük zəfərin qazanılmasındakı xidmətlərinizə, tarixi ədaləti bərpa etdiyinizə görə Sizə minnətdarlıq edirəm.

    Siz Vətənimizin bir parçası olan Qarabağımızın şəhər və kəndlərini – Şuşanı, Kəlbəcəri, Laçını, Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, Hadrutu, Suqovuşanı və digər ərazilərimizi 30 illik həsrətdən sonra əsl sahiblərinə - bizə qaytardınız. Buna görə Siz bizim Fatehimiz, əvəzolunmaz liderimizsiniz. Yorulmaz siyasi fəaliyyətinizə, hərbi sahədəki şücaətlərə və qəhrəmanlıqlara görə Sizin qarşınızda baş əyirik.

    Ağdam rayonu Şıxbabalı kəndinin sakinləri, o cümlədən ailə üzvlərim adından, həmçinin döyüş yoldaşlarımın adından Sizə və komandanlıq etdiyiniz müzəffər Ordumuza səmimi təşəkkürlərimizi bildiririk.

    Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, tarixi qələbələr və böyük zəfərlər arzulayırıq.

    Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizin tezliklə sağalmalarını arzulayırıq.

    Tanrı Sizi və xalqımızı qorusun!”.

    “Bu Qələbəni Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq”

    Bakı şəhərindən Cəmilə İmamverdiyeva:

    “Hörmətli cənab Prezident.

    Mən Texniki-Humanitar Liseyin müəllimi, həmçinin Birinci Qarabağ müharibəsi veteranının qızıyam.

    Məktubumla xalqımıza bəxş etdiyiniz Qələbəyə görə təşəkkür edirəm. Bu qələbə tarixini Sizin qətiyyətiniz, qardaş və bacılarımızın şücaəti sayəsində qazandıq. Məhz Siz xalqımızda bu qədər yüksək döyüş ruhu yarada bildiniz. Əsgərlərimizi ruhlandırdığınıza, onlardan diqqət və qayğını əsirgəmədiyinizə görə çox sağ olun. Siz 44 gün ərzində hər an bizimlə oldunuz, biz isə səbirsizliklə Sizdən xoş xəbərlər gözləyirdik.

    Mən şəxsən Sizə müəllimlər adından çox sağ ol demək istəyirəm ki, bizi işğal altında olan tarixlər barədə dərs demək əzabından qurtardınız, yeni qalibiyyət tarixini şərəflə, qürurla uşaqlara öyrətmək imkanı verdiniz. Nəhayət, dərsliklərdə, gündəliklərdə ərazilərimizin işğaldan azad edildiyi günlər qırmızı rənglə qeyd ediləcək.

    Bizim liseyin məzunu Aqşin Novruzov da Vətən müharibəsinin şəhidi zirvəsinə ucalıb. O daim bizim qəlbimizdə yaşayacaq və arzu edirik ki, bir vaxtlar liseyimiz onun adını daşısın.

    Biz şagirdlərimizi Vətənimizin bir parçası olan Qarabağımıza, Azıx mağarasına, Xudafərin körpüsünə, Pənahabad və Şahbulaq qalalarına, Xudavəng, digər alban kilsələrinə ekskursiyaya aparacağımız günləri səbirsizliklə gözləyirik.

    Biz onlayn rejimdə şagirdlərimlə birlikdə Sizin çıxışlarınızı izləyirdik. Şagirdlərim Sizin tarixi, coğrafi biliklərinizə, müxtəlif dillərdə natiqlik qabiliyyətinizə heyran olur və bu da onları daha yaxşı oxumağa həvəsləndirirdi.

    Əziz Prezidentimiz, şükürlər olsun ki, xalqımızın Sizin kimi Lideri var. Allahdan Sizə möhkəm cansağlığı və uzun illər arzulayıram.

    Düşmən qarşısındakı başucalığımıza görə Sizə bir daha təşəkkür edirəm”.

    “Bütün dünyaya necə böyük bir lider olduğunuzu bir daha göstərdiniz”
    PAYLAŞ:

    Oxşar xəbərlər