“Mayya Sandu Qərb dünyasının dəstəklədiyi siyasətçidir”
“Belə bir vəziyyət Moldova sürətlə Rusiyanın nüvəsindən çıxa biləcək”
Seçkilərin ikinci turundan sonra Moldovanın yeni prezidenti Mayya Sandu seçildi. M.Sandu “Hərəkət və həmrəylik partiyası”nın lideridir. Bu partiya Moldovanın Avropaya inteqrasiyasının tərəfdarıdır. Onun əsas seçiciləri gənclər, ali təhsilli insanlar, şəhər sakinləridir.
Məlumdur ki, sabiq prezident olan İqor Dodonun əsas ideyası Rusiya ilə strateji partnyorluğun gücləndirilməsi idi. İ.Dodon hər fürsətdə Rusiya prezidenti Vladimir Putinə olan rəğbətini qeyd edirdi. Dodon və onun Sosialist partiyası Avropaya inteqrasiyanın əleyhinədir.
Maraqlıdır, M.Sandunun Rusiya orbitindən uzaqlaşıb, Qərbə inteqrasiyası mümkün ola bilərmi? Və mümkün olduğu halda Moldovanı nə gözləyir?
Proseslərlə bağlı sherg.az-a danışan politoloq Natiq Miri bildirib ki, Rusiya özünün arxa bağçası saydığı postsovet məkanındakı qalasını itirdi. Əlbəttə, bu qala Moldovadır. N.Miri qeyd edib ki, sabiq prezident İ.Dodon birmənalı olaraq Rusiyanın maraqlarını ifadə edən siyasətçi idi:
“Özü də bunu açıq şəkildə etiraf edirdi. Amma M.Sandu Qərb dünyasının dəstəklədiyi siyasətçidir. Sandunun beynəlxalq maliyyə, xüsusilə bank sistemləri ilə ciddi əlaqələri var.
Özü də uzun müddət bu sistemin rəhbərlərindən biri kimi fəaliyyət göstərib. Sandunun prezident seçilməsi perspektivdə Moldovada həm iqtisadi, həm də siyasi islahatların aparılmasına imkan verəcək.
Qlobal maliyyə şəbəkələrinin Sandu ilə əlaqələrinin mövcudluğu bir çox investisiyaların Moldovaya yönələ biləcəyinin xəbərçisidir. Bu da yaxın gələcəkdə Moldovada ciddi iqtisadi islahatların aparılmasına şərait yaradacaq.
Belə bir vəziyyət Moldovan sürətlə Rusiyanın nüvəsindən çıxa biləcək. Düşünürəm ki, Sandunun seçilməsi növbəti 5 ildə Moldova üçün bir qazanc olacaq və bu dövlətin Qərbə inteqrasiyasını gücləndirəcək”.
Rusiyanın Moldovaya ciddi təzyiq imkanlarına gəlincə, analitik düşünmür ki, Kreml birmənalı olaraq yeni Moldova hakimiyyətinə qarşı çıxmaqla iki dövlət arasındakı münasibətləri korlamaq istəyəcək:
“Çünki belə bir vəziyyət Avropanın, bütövlükdə Qərb dünyasının Rusiyaya qarşı yeni sanksiyalarına yol aça bilər. Bu da şimal qonşumuzun indiki bərbad iqtisadi vəziyyətində ürəkaçan deyil.
Əksinə düşünürəm ki, Qarabağ probleminin həllindən sonra müəyyən presedentlər olacaq. Beləliklə, postsovet məkanında problemlərin həlli üçün yeni müzakirələr predmeti yaranacaq. Hətta Krım məsələsi birmənalı olmasa da, ən azından Donbas vilayətinin yenidən Ukraynaya inteqrasiyasında irəliləyişlər olacaq.
Yəni iki amil: Qarabağ hadisəsi və Moldovadakı prezident seçkilərində qərbyönümlü şəxsin qalib gəlməsi” postsovet məkanında bəzi ölkələrin Rusiyanın təsir dairəsindən çıxması imkanalarını gücləndirəcək”.
Natiq Miri