Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə öz uğurlu nəticəsini verdi. Bu şanlı Vətən müharibəsinin sonunda Ermənistanın işğalı altında olan 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər düşməndən azad edildi. Hər bir kəndin, şəhər və qəsəbəmizin işğaldan azad edilməsi xəbərini Müzəffər Ali Baş Komandanın dilindən eşidirdik, hər gün bu xəbərləri səbirsizliklə gözləyirdik. Hər kəs verilən şad xəbərlərin arxasında hansı əziyyətlərin, necə böyük zəhmət və mübarizənin dayandığının, bu qalibiyyətin nələrin hesabına başa gəldiyinin fərqində idi. Düşmənin uzun illər işğal altında saxladığı torpaqlar uğrunda aparılan, sonu Qələbə ilə bitən bu mübarizənin xoşbəxt sonluqla nəticələnməsi hər bir azərbaycanlını hədsiz dərəcədə sevindirib. Rəşadətli Ordumuzun apardığı hərbi əməliyyatlar zamanı düşmənə məxsus olan texnikanın və canlı qüvvənin məhv edilməsi ilə bağlı Müdafiə Nazirliyinin yaydığı kadrlar hər bir vətəndaşımız tərəfindən böyük qürur hissi ilə izlənilib. Düşmənin itkilərinin dəyəri artıq 3 milyard dolları keçib, davam edən hərbi əməliyyatlar fonunda Ermənistan ordusu tam sıradan çıxarılıb. Döyüşlər zamanı erməni hərbi qulluqçular döyüşməkdən imtina edərək geri çəkiliblər.
Bu fikirləri azərtac-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev ifadə edib.
Adil Əliyev bildirib ki, müharibənin ilk günlərindən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe, beynəlxalq mediaya verilən sərrast və dürüst açıqlamalar, Ordumuzun göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti artıq erməni xalqının iradəsini sındırmışdı. “Bu gün ermənilərin ayrı-ayrı zümrələrindən olan şəxslərin sosial şəbəkələrdə Azərbaycan vətəndaşı olmaq istəklərini dilə gətirmələri təsadüfi deyil. Bunun real səbəbi odur ki, onlar dövlətimizin başçısının timsalında ilk dəfə əsl Lider, müharibə meydanında qalib ordu gördülər. Çünki döyüş əməliyyatları başlayan andan deyilmişdi ki, bu müharibə həm də Ermənistanın cinayətkar siyasi rəhbərliyinin sonu olacaq. Həmin siyasi rəhbərlik isə öz qəddar və vandal siyasətinə, barbar əməllərinə davam etməkdə idi. O qədər çıxılmaz vəziyyətə düşdülər ki, hətta qadınlardan və qocalardan ibarət hərbi qruplar da təşkil etdilər. Bu da onlara kömək edə bilmədi, yenə döyüşdə olan erməni əhalisi savaşmaqdan imtina edirdi”, - deyən Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz üzbəüz mövqelərdə, təkbətək döyüşərək Qarabağımızın göz-bəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. Ardınca bir günün içində 70-dən çox kənd, 8 strateji yüksəklik düşmən tapdağından təmizləndi, bu da düşməni mat vəziyyətinə saldı. Müharibənin başladığı ilk zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddət müharibənin dayandırılması məqsədilə xarici dövlətlərə yalvardı. Təcavüzkar ölkə dövlətimizin başçısının dəmir iradəsini, Azərbaycan xalqının öz Liderinə güclü inamını, Ordumuzun ruh yüksəkliyini görəndən, üstəgəl , Şuşanın azad edilməsindən sonra çıxılmazlıq labirintinə düşdü. Xain Ermənistanın və onun məkrli baş nazirinin kapitulyasiyaya dair razılaşmanı imzalamaqdan başqa yolu qalmadı.
Adil Əliyev bildirib ki, 10 noyabr xalqımız üçün Zəfər bayramı, Qələbə günü kimi tarixə düşdü. Biz qalib ölkə olaraq Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. “Paşinyan məğlubiyyətdən yaxa qurtarmaq məqsədilə bu imzanı atsa da, ölkəsində ona qarşı etirazlar sürətlə artıb. Ermənistanın siyasi rəhbərliyi bütün xəbərdarlıqlara baxmayaraq, heç bir halda öz şövinist siyasətindən əl çəkmədi. Bu da onun üçün ağır nəticə - həm döyüş meydanında məğlub oldu, həm də onsuz da çətin iqtisadi durumda olan ölkəni bu qədər maliyyə itkiləri ilə daha pis vəziyyətə saldı. Bu maliyyə böhranından çıxmaq üçün düşmən ölkəyə azı bir neçə onillik lazım olacaq. Eyni zamanda, Paşinyanın xalqının gözündə olmayan etibarı tamamilə yerlə-yeksan oldu”, - deyə A.Əliyev vurğulayıb.
Milli Məclis sədrinin müavininin sözlərinə görə, Paşinyana qarşı etirazlar yalnız kapitulyasiyanı imzaladıqdan sonra başlamamışdı. Daha əvvəl də ölkədə baş nazirin müxalifət nümayəndələrini, jurnalistləri həbs etdirməsi, onların ölümünə səbəb olma halları ilə əlaqədar kifayət qədər narazılıqlar mövcud idi... Düşmənə qarşı sülhə məcburetmə tədbirləri çərçivəsində Ermənistan kapitulyasiyanı imzalamaqla, Kəlbəcər, Laçın və Ağdam rayonlarını qan tökülmədən qaytarmaq öhdəliyini öz üzərinə götürdü. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular.
Razılaşmanın şərtlərinə baxsaq görərik ki, Ordumuzun işğaldan azad etdiyi və razılaşma ilə boşaldılan bütün ərazilərdə nəzarət bizdə qalır, habelə həmin yerlər Azərbaycan Respublikasının tərkibinə daxil olur. Bu isə o deməkdir ki, üçrəngli bayrağımız yenidən həmin rayon və şəhərlərdə sonsuzadək dalğalanacaqdır.
“Ermənistanın bu müharibədə itkiləri yalnız çoxsaylı döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsindən ibarət olmayıb. Azərbaycanda dövlət-ordu-xalq birliyinin gücü, müharibə meydanında qəhrəmanlıq dastanı yazan oğul və qızlarımızın şücaəti düşmənin dünyada 30 ildə yaratmağa cəhd etdiyi mifi 44 gündə alt-üst etdi. Danışıqlar prosesində istədikləri şərtlərin hər birini sıfırladı...
Biz Qalib Azərbaycanın vətəndaşlarıyıq! Müharibədə güc göstərən Qalib Ordunun sahibləriyik! Bununla nə qədər fəxr etsək azdır. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, - deyə Adil Əliyev fikirlərini yekunlaşdırıb.