Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bir qrup deputatı Dünya Bankının nümayəndələri ilə görüşüb.
Milli Məclisdən LEQAL.AZ-a verilən məlumata görə, qonaqları salamlayan parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ölkəmizin Dünya Bankı ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edib.
V.Bayramov Azərbaycanın Dünya Bankı ilə iqtisadi sahədə standartların, xüsusilə də büdcə proseslərində standartların tətbiqi ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirərək ölkəmizdə büdcə və onun Milli Məclisdə qəbulu prosedurlarından söz açıb.
Görüşdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Aydın Hüseynov və Məzahir Əfəndiyev Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının tarixinə nəzər salıblar, bu səmərəli əməkdaşlığın nəticələrini qeyd ediblər, büdcə sisteminin dayanıqlılığı ilə bağlı fikirlərini bölüşüblər.
Dünya Bankının nümayəndə heyətinin rəhbəri İan Halvdan Ross Xoksvort səmimi görüş üçün təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa sadiq olduğunu qeyd edib. İan Xoksvort və Dünya Bankının çıxış edən digər nümayəndəsi Mark Robinson Orta-Müddətli Xərclər Çərçivəsi üzrə İnstitusional Potensialın İnkişafı Proqramının xüsusiyyətləri barədə danışıblar, proqramın 5 fəaliyyət istiqaməti üzrə görülən işlər haqqında məlumat veriblər və büdcə proseslərinin idarə olunması məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Söhbətdə tərəfləri maraqlandıran mövzularda fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin əməkdaşları və digər rəsmi şəxslər də iştirak ediblər.