Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında daim maraqlı olmuşdur. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb.
Eyni zamanda 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidenti birgə ölkələrimizin tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi əhəmiyyət kəsb edən Bəyannamə,onlarla müqavilələr imzalamışdır. 18 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olmuşdur.
Görüşdə çıxış edən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vacib məsələlərə toxunaraq qeyd etdi ki, “Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir.
Düşünürəm ki, iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır.Əlbəttə ki, biznes forum planlarımız, ölkəmizdəki biznes mühiti, sərmayə də daxil olmaqla imkanlar haqqında bir-birimizi məlumatlandırmaq, həmçinin işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsətdir. Fikrimcə, yaxın zamanlarda bir araya gələcək birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır.
Bu gün nümayəndə heyətlərinin müzakirə edəcəyi məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlər vardır. Müzakirə etdiyimiz bütün məsələlərə dair bizdə ümumi anlayış vardır. Həmçinin həmin məsələlərə dair praktiki nəticələr əldə etməyə və əməkdaşlığı inkişaf etdirmək üçün başqa nə etməyi müəyyənləşdirməyə ehtiyacımız vardır.”
Göründüyü kimi forumun əsas məqsədi Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulmasıdır. Həmçinin qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olub. Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan bu gün sivil, müasir demokratik prinsiplərə əsaslanan və ən qüdrətli dövlətlərdən birinə çevrilmiş, ölkəmizdə siyasi sabitlik ən yüksək səviyyədə təmin olunmuş, eyni zamanda xarici dövlətlərlə olan dostluq və tərəfdaşlıq münasibətlərimiz daha da möhkəmlənmişdir.
Əntiqə Tağıyeva,
Masallı Tarix Diyarşünaslıq Muzeyin direktoru