Xəbər verildiyi kimi, noyabrın 6-dan 7-sinə keçən gecə Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsulluğunun binası atəşə tutulub. Güllələr pəncərəyə, giriş qapısına dəyib. Bu hadisə artıq şəhər polisi tərəfindən təhqiq edilir. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti xəbərdar edilib.
Aşkar görünür ki, bu insidentin siyasi kökləri var. Çünki son vaxtlar, Qarabağda müharibənin qızğın fazası başlayandan bəri Azərbaycanın Fəxri konsulluğuna qarşı xuliqanlıq hərəkətləri müşahidə olunur.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov bildirib.
Onun sözlərinə görə, əvvəllər də müxtəlif tədbirlərin keçirildiyi vaxtlarda təhqiramiz hərəkətlər müşahidə olunurdu. Fəxri konsulluğun binasının divarında Gəncədə həlak olanların xatirə lövhəsi yaradılandan sonra belə hərəkətlər xüsusilə artıb.
Fəxri konsul deyib: “Lakin biz təsəvvür edə bilməzdik ki, ermənilər Ukraynada silaha əl atarlar. Axı bir var Yerevanda Ukrayna səfirliyinin qarşısına borş tökəsən, - hərçənd, bu da vandalizmdir, - Azərbaycan Respublikasının Xarkovdakı Fəxri konsulluğunu atəşə tutmaq isə tamamilə ayrı hərəkətdir. Ukraynanı Ermənistan və Azərbaycan münasibətlərinə cəlb etmək – alçaqlıq, rəzalət və cinayətdir.
Bu hərəkətlər xuliqanlıq çərçivəsindən kənara çıxır, çünki tam başqa motivlərə malikdir. Lakin mən açıq şəkildə bəyan edirəm: bizi qorxutmaq asan deyil! Azərbaycanlılar haqq işi uğrunda vuruşur – öz torpaqlarını azad edir və özgəninkinə əl uzatmır”.